Türkçülük - I yazı - Nizaməddin ŞƏMSİZADƏ - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

Dünya ona görə gözəldir ki, orada türklər yaşayır. Türklər dünyanı gözəlləşdirən adi bir millətdir. Türkün gözü qıyıq olsa da, gözü dar deyil, qıpıq deyil. Türk dünyaya üfüqdən baxır. Dan yerinin qızartısı türkün təmiz qanından rəng alıb. Türk işğalçı deyil, fatehdir. Türkün fütühatı bəşəriyyətə məhəbbət üzərində qurulub. Mən türkəm! - demək and içməkdir. Bu sözün arxasında həqiqət, ədalət, mərifət, məhəbbət, fədakarlıq, qəhrəmanlıq dayanır. Türk and içməz, sadəcə "mən türkəm" - deyər.

Türk (əcdadı!)  səmadan enmiş nurdan doğulub.  Türkün sifəti, hüsnü Tanrı nuru ilə süslənib. Ona görə də Orta çağda hürufilər deyirdilər: "İnsan həqdən qopmuş nur parçasıdır". Dünyanın ən coşqun, ehtiraslı şairi, Şərqin böyük filosofu İ.Nəsimi yazırdı:

Səni bu hüsni-cəmal ilə, bu lütv ilə görüb

Qorxdular həqq deməgə,

                        döndülər insan dedilər.

Dahi M.Füzuli də hüsnün hikmətini Tanrı nurunda görürdü:

Ey mələksima, ki səndən özgə heyrandır sənə

Həq bilir, insan deməz,

                        hər kim ki insandır, sənə.

Yaxud:

Heyrət ey büt, surətin gördükdə

                                   lal eylər məni.

Surəti-halım görən,

                        surət-xəyal eylər məni.

Orta çağların türk-sufi şeirində hüsn dünyanı əks etdirən kamil bir model idi. Nura əsaslanıb türkdə Allahdan əvvəl Tenqrini (Tanrını!) yaratdılar. Tenqri səmadan enmiş türkün Allahı idi. Tenqri təbiətin özü qədər real və böyük idi. Türkün tenqriçiliyi reallığa əsaslanır.

Qəhrəmanlıq türkün tarixən formalaşmış həyat tərzidir. Türkün qəhrəmanlığı vətən sevgisinə əsaslanır: "vətən əxlaqı" (Z.Göyalp) türk fütühatlarında əsas ideologiya idi. Vətən əxlaqı - dövlət əxlaqının təməli hesab olunrdu. Türklər öz kimliyini əbədiləşdirmək üçün gördüyü işlərin təfəkkür salnamələrinə həkk etdilər: mif, əfsanə, "Orxon-Yenisey" kitabələri, "Qobustan" qaya abidələri, "Kitabi-Qədə Qorqud", "Manas", "Koroğlu", "Alpamış" və s. eposlar yaratdılar. Bunlar türkün tarixdəki qüdrətini, türk təfəkkürünün gücünü əks etdirən əbədi abidələrdir.

Mən "Ədəbiyyat nəzəriyyəsi" (2012) dərsliyimdə "Epos"la  bağlı bu sətirləri yazmışam: "Epos müharibə və vuruşmaların ab-havası ilə yoğrulan, silahların şaqqıltısından özünə vəzn və ahəng seçən, qılınc və qalxanlardan rəng və cazibə alan bir janrdır... Epos bizim zamanlarda sadəcə qılınc qəhrəmanlığının və hərbi sərgüzəştlərin deyil, xalq mənəvi qüdrətinin və mənəviyyatının inikası kimi meydana çıxmış və şöhrətlənmişdir... epos insanlığın hələ dindən əvvəlki dövrlərdə yaratmağa başladığı maddi və mənəvi mədəniyyətin zirvəsidir. Eposun inkişafında və tarixində parlaq imzası olan xalqlar insanlığın tərəqqisinə və sivilizasiyaların irəliyə hərəkətinə güclü təsir göstərmiş, tarixdə nəzərə çarpacaq iz qoymuş, uzun mübarizə yollarından keçib etnoslardan törənmişdir".

Şübhəsiz ki, belə xalqlardan biri bəşəriyyətə möhtəşəm eposlar bəxş etmiş türklərdir. Türk epos mədəniyyəti dünya mədəniyyətinin hələ kifayət qədər  öyrənilməmiş təməli, zəngin tərkib hissəsidir. Türk eposu həm tarixi-fəlsəfi, həm bədii forma kamilliyi, həm də dil zənginliyi baxımından tükənməz xəzinədir ki, türklərin tarixdə kimliyindən və türkün idrakından soraq verir. Türklər dünya ədəbiyyatına misilsiz bədii-fəlsəfi şedevrlər verən dahilər bəxş etmişdilər. Nizami, Yasəvi, Rumi, Y.İmrə, Nəsimi, Nəvai, Füzuli... Bugün də dünya alimləri Əbu Reyhan Biruninin, İbn Sinanın, Bəhmənyarın, Nəsirəddin Tusinin və b. nəzəriyyələri üzərində baş sındırır, türk təfəkkürünün sehrini və qüdrətini açmağa çalışırlar. Bu təfəkkür isə Lütfizadənin timsalında hələ də dünyanı heyrətdə qoymaqda davam edir.

Mən - XX əsrin 90-cı illərində biabırcasına çökən sovet imperiyası, onun totalitar ideologiyası-marksizm-leninizm iflasa uğrayanda azərbaycançılıq adlı silsilə məqalələr və "Azərbaycan ideologiyası" (1996), "Azərbaycançılıq" (2006) kitablarımı yazdım. O zaman tarix bunu tələb edirdi, mən tarixin tələbinə səs verdim, ədəbiyyatşünaslıq sahəsindəki işlərimi bir kənara qoyub ideologiya ilə məşğul oldum. Mənim nəzəriyyəmin təməlində türkçülük dayanırdı: "Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir". 

Türklər dünyaya sərhədləri yerlə-göy arasında bərqərar olan demokratizm gətirdilər. Türk demokratizmi də, türkün yüksək əxlaqa əsaslanan qəhrəmanlığı kimi hüdudsuz idi.

Türklər tarixin izi ilə getmədilər, öz tarixlərini - türk tarixini yaratdılar. Türkün ruhu tarixə, sümükləri Yer kürəsinə dayaqdır. Mənim təxminən on il əvvəl yazılmış "Ürəyimdə böyük çölün nəğməsi" şeirimdə belə misralar var:

Dağ döşündə mağaradı otağım,

Daş üstündə bir sal daşdı yatağım.

Hər axşam bir boz qurd olur qonağım,

Türk deməkdən çat-çat olub dodağım,

Bu çöllərdə bir naləm var, Xanım, heyy!

 

Qar altından bir türk çıxıb Sibirdə,

Hun dövründə basdırılıb qəbirdə.

Qərib-qərib Vətən deyə dad çəkir,

Türk dilində cürbəcürə ad çəkir.

Gecə-gündüz türkəm deyə bağırır,

Atillanı köməyinə çağırır.

 

Göyə çıxır göy türklərin naləsi,

Milli qeyrət himnidi hər türk səsi.

Türklərin "Böyük çöl mədəniyyəti"nə əsaslanan demokratizmi sonralar - ərəb islam ehkamları məngənəsində sıxılmağa başladı. Hərçənd ki, islam dininin qəbulundan sonrakı bütün böyük türk yürüşləri islam bayrağı altında keçib. Ərəblər islamı yaradıb, türklər onu yaşadıb. Sonralar, xüsusən Orta əsrlərdə böyük arealında islamın belə nüfuz qazanması ərəblərdə qısqanclıq yaratdı. Ərəb dini ehkamları türk demokratizmini sıxışdırmağa başladı. Bununla ərəblər həm də islama zərbə vurmuş oldular. İslam dini dünyada bugünkü nüfuzuna görə tarixin hərəkətinə istiqamət verən türklərə borcludur.

Türk demokratizmi bütün dünyaya nümunədir. Onun əsasında azdlıq təşnəsi könüllərin tükənməz arzusu dayanır. İnsan mənəviyyatını yüksək dəyərləndirən türklər (bunu bayatılarda, nəğmələrimizdə, nağıl və dastanlarımızda görə bilərsiz!) qadına və gözələ sevgini uca tuturdular. Türklərdə "Ana haqqı - Tanrı haqqı!" hesab olunurdu, xanımların ətrafına namusdan çəpər çəkilmişdi, türk qızı öz ruhunda və vücudunda zəriflik və qəhrəmanlığı birləşdirirdi. Türk xanımı türk demokratizminin yavrusu idi, onun yeganə hakimi Tanrı əmanəti sayılan insan ruhunun saxlancı olan qəlbi idi. Türk qızının qəlbi günəş kimi hərarətli, ay kimi parlaq idi.

"Türkçülük - türk millətini yüksəltməkdir" (Z.Göyalp). Türkçülüyün vətəni Azərbaycandır, o burada "Peyğəmbər kimi bütün türk dünyasında yeni üfüqlər açan" (Ziya Göyalp) Əli bəy Hüseynzadənin (1864-1940) idrakından və mənəvi dünyasından doğulub.

"Əli bəy Azəri türklərinin ona böyük ehtiyac hiss etdiyi zamanda yetişmişdi" (Abdulla Şaiq). "Bütün türk dünyasının mücahidi" (Turan Yazcan) "Əli bəy üzərimizə bir peyğəmbər təsiri icra edərdi. Evət, o bir rəsulu - Həqq idi" (Abdulla Cövdət). M.F.Axundzadə, İ.Qaspıralı, Y.Akçura, Ə.Hüseynzadə, Z.Göyalp, C.Əfqani - bunlar türkçülüyün mütəfəkkirləri, təməlçiləri idilər. Fəqət, türkçülük, qədim türk imperatorluqlarından başlanır - Metenin, Atillanın, Əmir Teymurun, İ.Bəyazidin fütuhatları ilə dövlət yaratmaq gücünə malik ideologiyaya çevrilir.

Türk təfəkkürünün əsasında türkçülük dayanır. Türkçülük vətən əxlaqına güvənir. Türkün vətəni yerlə göy arasındadır. Böyük türklərdən ən böyüyü Bilgə Kağanın (670-732) türkçülüyün düsturu halına keçmiş ədəbi sözlərini xatırlayaraq: "Ey türk oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinməyincə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol. Ey ölümsüz türk ulusu, özünə dön!" Türk özünə dönəndə qüdrətli olur, dünyanın sahibinə çevrilir. Türklər bəşəriyyətin əbədi uşaqlarıdır. Uşaqlar kimi onlar da dünyaya məhəbbətin gözü ilə baxır, hamını özünə doğma və dost bilir. Onların aldanışları da, gözəlliyə məftunluqdan, səmimiyyətdən və mərdlikdən irəli gəlir.

Türkün düşmənləri onu istehza ilə köçəri adlandırıblar. Köçəri də tarixdə on yeddi imperiya yarada bilərmi?! Türk köç etməyib, öz sərhədsiz ruhuna, demokratizminə azadlıq aramaq üçün Vətəninin bu başından o başına Sibirdən, Orta Asiyadan, Ural-Altaydan, İtil boyundan keçərək, Mançuriyadan Macarıstana qədər səfər edib.

Türklər dünyanı və dövləti siyasətlə yox, məhəbbətlə idarə edirdilər. Bu, yerlə göy arasındakı idarəçilik idi. Türkün hakimiyyəti bitən gündən insanın təbii haqları çərçivəyə salındı. Türk demokratizmi zor, türk ədaləti təzyiq sevmir...

Qədim türklər mərd, ürəyiaçıq, dünyaya münasibətdə təmənnasız və hədsiz qürurlu idilər. Türklər at minən və ət yeyən xalq idi. Onlar nikbin və hətta kefcil idilər.Türkün nikbinliyi özünəinamdan və öz kimliyini dərk etməyindən irəli gəlirdi.

Türkçülüyün 4000 ildən artıq zəngin bir tarixi var. Türkçülüyün babası Əli bəy Hüseynzadə "Türklər kimdir və kimlərdən ibarətdir?" kitabında yazıb: "Türklər səhneyi-tarixiyyəyə miladi - İsadan 2000 il əqdəm çıxıb".

Türkçülüyün silahı və sərvəti türk dilidir. Türklərə ən sədaqətlə xidmət edən, türkü şöhrətləndirən türkün ana dilidir. Bu dil türk millətinə tarixin yolunu göstərən, onu gələcəyə aparan ən yenilməz qüvvədir. Mən "Türkə yiyə Türkiyə" adlı məqaləmdə bu sözləri yazmışdım. "Harada türkcə danışan səs eşidirəm, dönüb ora salavat çevirirəm, türkün səsi gələn səmt mənim qibləmdir". Türk dili dünyanın ən böyük, ən şirin və zəngin dillərindən biridir.

Türkçülüyün strategiyası - son ülgüsü Turançılıqdır. Turançılıq bütün türkləri birləşdirən Turan imperiyasının ideologiyasıdır. Bu gün dünya türklərə təzyiq göstərir, zorla türkləri ayırır. Lakin Türkiyə dövləti dünya ağalığı iddiasına mənəvi-siyasi səlahiyyəti və gücü çatan üçüncü dövlətdir. Çünki onun arxasında dünyada mövcud olan bütün türklər dayanır.

Mövqeyimi "Azərbaycançılıq" kitabımda bildirmişəm: "Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!"

Nizaməddin Şəmsizadə
professor

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!