"Açıq müstəvidə" sualları Əlabbas Bağırov cavablandırır - Layihə

"Ədəbiyyat qəzeti"nin "Açıq müstəvidə" layihəsinin budəfəki qonağı yazıçı Əlabbas Bağırovdur.

Sona Vəliyeva: – Mənə elə gəlir, Allah dağlar yaratdığı yerə daha yaxındır. Ona görə də O, öz xəlqetmə qüdrətindən  səxavətlə dağlar oğlu Məmməd Araza, elə sizin özünüzə də pay verdi. Dağlar qoynunda yerləşən, zəngin mənəviyyat dünyası sayılan Nurs haqqında "Yüz ilin tənhalığı"ndan da güclü roman ərsəyə gətirmək gücündə olan Əlabbas müəllim elə bir əsər yazası olsaydı, baş qəhrəmanını hansı xüsusiyyətlərinə görə seçə bilərdi?

– İlk əsərimi qələmə alanda heç bilmirdim ki, Emil Zolyanın  "Mopassan ona görə ilk addımdan sevilmişdi və tanınmışdı ki, ədəbiyyata fransız ürəyi gətirmişdi"- kimi dəyərli sözü var. Yaza-yaza ürəyimdə götür-qoy edirdim ki, elə burda, dünya anlamına gələn tək bu kiçik aulda - onda (1978) kənddə müəllim işləyirdim - baş verənləri ipə-sapa düzə bilsəm, daha dərdim olmaz. Çingiz Aytmatov da ona yaradıcılıq sığınacağı kimi xidmət edən, boya-başa çatdığı Şəkər qışlağını özünün əsas kapitalı hesab edirdi və  dünya oxucularının qəlbini də elə o qışlaqdan yazdığı yığcam "Cəmilə" povesti ilə fəth eləyə bildi.

Sonralar yazmışdım: "Əsərlərimdə qaranlıq kəndimizdəki kimi qovuşur, səhərlər Nursdakı kimi açılır, çəmənlərə şeh uşaqlıqda bağçamızda  gördüyüm kimi düşür". Ağlım kəsəndən ruhumun hakimi olan bu balaca köyü necə vəsf eləməyəsən ki, təsvirə çəkdiyim bütün yollar doğma Nursun yolları, maşınlar həmin kəndin maşınları, çöllər, çəmənlər elə həmin kəndin çöl-çəmənidi. Qeyrətli, halal və namuslu qəhrəmanlarımın əksəriyyəti əslən Nursdandı. Bunu da sonralar yazmışdım. Onu da yazmışdım ki, nə qədər şərəşur,  naxələf, nadürüst, kəmfürsət obrazım var, mən onları müxtəlif şəhər, vağzal, qatar, yeməkxana və yataqxanalarda, bir sözlə, adamların bir-birinə harda daha çox kəf gəlmək imkanı varsa, o yerlərdə görmüşəm.        

Əsgər Rəsulov: – Əlabbas mükafat alan "Qiyamçı" romanının son əsəri olacağını demişdi. Mən onun haqqında 2010-cu ildə yazdığım bir məqalədə "Yaxşı ki, vədinə xilaf çıxdı və yeni söz deməyə hər zaman hazır sənətkar kimi "Qaraqovaq çölləri" ilə özü öz zirvəsini bir daha aşdı", - deyə yazmışdım. Yazıçı mənim bu qənaətimə qatılırmı?

– "Türk sənədli-bədii nəsri" kimi monumental bir tədqiqat işinin müəllifi olaraq  yüzlərlə əsəri ələk-vələk eləmiş  böyük fikir adamının qənaətinə necə  qatılmaya bilərəm? Amma deyim ki,  sadəcə mənimki gətirmədi. Qızıl kimi illərim boş yerdəncə "Köhnə kişi"nin çapına  getdi. Hərçənd bu, şirin röyalarımın sonu da ola bilərdi. Amma mən   özümdə güc tapıb geri "Qiyamçı" kimi qayıtdım, bu dəfə də gördüm, lələ köçüb, yurdu qalıb. O sözü də onda dedim. Çünki qarşıma çıxan deyərdin bəs mənə, canlı insana, öz köhnə dostuna yox, "Mərənd ölüsü"nə salam verir.   Bundan sonra gəl çöllərə düşmə görüm necə düşmürsən, gethaget, axırı gedib "Qaraqovaq çölləri"nə çıxdım. Bu, artıq üçüncü cəhdim idi... Bundan artıq nəsə deməyim görünən dağa bələdçilik etməyə oxşar, onsuz da gerçəyi bilən bilir, əz ol cümlə Əsgər müəllim. O illər Tanrıdan ömür yox, möhlət diləməyim də, indi baxıram ki, daha çox içimdə hələ də tüğyan eləyən bir dəli ümidə görə imiş.  Xülaseyi-kəlam, nigaran qalmağına dəyməz,  nə olmuş olsa belə,  dostları naümid qoyan deyiləm. Arxayın ol. Ya yazmayacam, ya da "Qiyamçı"nı kölgədə qoya biləcək bir şey yazacam.            

Nəriman Əbdürrəhmanlı: – Şübhəsiz, Əlabbasın ən mükəmməl əsərlərindən biri gənclik illərində yazdığı "Köhnə kişi" povestidir. Mənimçün maraqlıdır, Əlabbas o əsəri indi, ömrünün yetkinlik çağında qələmə alsaydı, eyni bədii səviyyəyə qaldıra bilərdimi?

– Belə deməklə, bəlkə də, özüm-özümə şər atıram ki, o, bir vəhy idi, gəldi, getdi, çətin bir də onu bacaram. Burda işin bir tül məqamı da var ki,  bəzən çox şey bilmək, dərindən bilmək adamı yaxşı yazmağa qoymur. Qəribədi, amma həqiqətdi:  çox vaxt ən yaxşı, hətta deyərdim, ən kamil əsərlər yazıçının gənclik illərində yaranan əsərləridi.  

Sabir Bəşirov: – Əlabbasın  istər hekayə və povest, istərsə də romanlarında zəngin dramaturji material nə əcəb indiyədək  rejissorların diqqətini cəlb etməyib? Ya olubmu belə təkliflər?

– Bir dəfə Rövşən Almuradlı çiynini bu yükün altına verdi, o, bərk "Köhnə kişi"ni çəkməyin eşqinə düşmüşdü. Titrlərdə öz adımı görməyin sevincindən  neylədiyimi özüm də bilmirdim. Amma qəti əmin idim ki,  daha əppəyim quyudan çıxıb. Ondan da əvvəl Bəhram Osmanov belə bir istəkdə bulunmuşdu. O da elə həmin əsərə səhnə tərtibatı vermək fikrindəydi. Bir dəfə də Elxan Cəfərov  "Muştuluğ"un motivləri əsasında qısametrajlı film çəkmək istəyirdi, amma hər üç halda maliyyə problemlərinə görə işlər yarımçıq, mənimsə əppəyim quyuda qaldı.  

Aslan Quliyev: – Bakıya gələndən heç üzüküləyə, üzüyağışa getdiyin olubmu və gedəndə nələri xatırlamısan?

– Bakıda  hara getsən, külək də səninlə gedir. Bilmirsən xəzrisi nə vaxt başlayır,  gilavarı  harda qurtarır, şimal küləyindən isə heç danışmağa dəyməz. Mənimki   isə adam balası kimi yağan, küləksiz, sakit havalardı.   Onda görürsən çətirimi də götürüb saatlarla yoxa çıxdım. Telefonu da söndürürəm ki,  kimsə   tapmasın məni. Xatirələr də onda qayıdır, özü də elə-belə yox, bir canlı kimi...  Olur ki, hərdən  addım səslərini də eşidirəm... Boş xiyaban, çiskin yağış,  sevdalı bir ömrün ruhuma dinclik gətirən saralmış səhifələri, bəzən də sönən ocaqların külü ilə oynadığın dəmlərin acı təəssüfü, daha nələr, nələr...   Bircə onda, arvad-uşaqdan, doğma və yaddan, bivec tanışlardan, zəhlətökən insanlardan,  bir sözlə, hamıdan, hamıdan oğurladığım o bir-iki saatda dönüb özüm oluram. Yoxsa bu küləkdən, bu basırıqdan, bu hay-küydən, bu şəhərdən  olsa, dirigözlü udar adamı.             

Eyvaz Zeynalov: – Həyatınızda yazıçılığın əzab-əziyyəti çox olub, yoxsa zövqü-səfası?

– Gənc nəslə, bəlkə də, gülünc gələ bilər ki, nə vaxtsa ədəbiyyatda yazmaqdan çox, yazdığının çapına vaxt itirən bir nəsil də olub. Geniş anlamda bu, ömür-gün, yaşanmalı illər, qızıl qiymətində olan zaman deməkdi. Sonra çökən rejim, məmləkətdaxili hakimiyyət didişmələri, müharibə və durğunluq illəri, yaradıcı insanları yazı masasından birbaşa bazara qovub, kitabı ölümə məhkum edən ağlagəlməz qovğalar. Nəticədə də quru yurd! Bu biz nəslin hansının ömür-günündən keçməyib? Bu günün yazıçısının yeganə qazancı olsa-olsa qələmin gətirdiyi müvəqqəti təsəlli ola bilər, gümanındayam.  

Rüstəm Kamal: – Öz şəxsi yaşantılarını mətnə daxil etməkdən çəkinirsənmi və əsərin süjetini əvvəlcədən kiminləsə müzakirə edirsənmi?

– Çəkinmirəm, əksinə, çalışıram. Sonra da məlum olur ki, nəsrin gerçək yolu elə bu imiş. Bütün həngamələrin ayıq oxucunu dediklərinin həqiqət olduğuna inandırmağın başında olduğunu bilə-bilə hansı ehtimal və fərziyyə ilə  danışmaqdan söhbət gedə bilər? Bu mənada bütün yazılarımda tək müəllif yox, elə bir personaj kimi də varam. Özümü Muradın ("Köhnə kişi"), Siracın ("Gümüşü gecələr"), Talıbın ("Mərənd ölüsü"), Səlim müəllimin ("Gecəyarı hadisə"), Təbrizin ("Qiyamçı"), Əli müəllimin ("Şəbi-hicran")... yerinə qoyub yazmışam. Baxmışam ki, alınıb da. Məsələn, mən də eynən Murad kimi elərdim. Yaxud olsun Təbriz. Bu adamın Əlabbasdan nə fərqi var ki? Bu haqda mənə çoxları deyib. Qızımın müşahidəsi isə lap dəqiqdi: "Ata, bu ki sənin özünsən" .

Qaldı sualın ikinci hissəsinə, etmirəm və  çox təəssüf ki, etmirəm. Etmək yaxşıdı. Hər halda itiriləsi bir şey yoxdu ortada. Sonradan eşitdiyim, xoş niyyətlə deyilən   elə ağıllı məsləhətlər olub ki, onları süjetdə görmək yalnız əsərin xeyrinə olardı.  

Vaqif Əjdəroğlu: – Bildiyim qədər "Köhnə kişi" povesti başıbəlalı povestdir. Nəşriylə bağlı bəzi problemlər olmuşdu, bir az gecikdirilmişdi. Bu məsələlərin yaradıcılığınıza nə kimi təsiri oldu?

– Start xəttinə sonradan tanıdığım qələm dostlarımın  hamısından daha tez  çıxsam da, lazımi məsafənin qət olunmasına nə az-nə çox, on ilə qədər vaxt itirdim. Amma kaş itirdiyim lap ömür anlamına gələn tək elə bu zaman məsafəsi olardı. Sonralar başa düşdüm ki, bəlkə də, xoşbəxtliyim olarmış bu mənim. Sən onu soruş ki, o on ildə nələrimdən olmadım mən? Adamlara inamım, dostlara məhəbbətim, yaxşılara etibarım... ən əsası da qələm-kağıza sədaqətim sarsıldı! Bu, artıq mənəviyyat məsələsidi,  içimdə nə var çiliklənib tökülmüşdü, ona görə də  illər uzunu özümə gələ bilmədim. O ümidlə ki, yazı-pozu dünyasına mən üz tutmuşdum, məlum qəziyyədən sonra yerimə bir başqası olsaydı, qələmə həmişəlik tövbə deyərdi. Kim bilir, bəlkə də, məni ayaqda saxlayan "məfkurə naminə dara çəkilməyin ölümlərin ən gözəli" olduğunu vaxtında hiss etməyim imiş.  

  – Adətən, yaradıcı adamlar tənqid olunanda bununla razılaşmır, etiraz edirlər. Maraqlıdır, bəs sizin tənqidə münasibətiniz necədir?

– Ağıllı sözə etiraz edənin özündə ağıl olmaz. Əksinə, özünü gülünc yerinə qoymuş olar. Qərəzsiz, obyektiv tənqidə açıq olmaq normal düşüncəli yaradıcı insanın əxlaq kodeksidi.

Hazırladı: Cahanxanım Seyidzadə


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!