18+lar bizə nə verdi, bizdən nə aldı... - NARGİS yazır

NARGİS

 

Bəli, düz deyirsiniz, dahi Nizami Gəncəvinin də yaradıcılığında hardasa müasir təbirlə desək, "erotik" məsələlər ön plana çıxırdı.

Məsələn:

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından,

            bulud örtmüşdü Ayı,

Onu düşmənmi qovub,

            könlü qubar gəlmiş idi?

Bir dəfə təsadüfən əlimə bir şairənin yazdığı mini şeirlər çələngi (əgər onlara şeir demək mümkündürsə) keçmişdi. Üstəlik hələ bu azmış kimi, həmin şairə əməlli-başlı oxucu kütləsi də toplamışdı ətrafına. O vaxt həmin oxucular mənim beynimdə bir çox sual işarələri yaratsalar da, bu məsələ ətrafında düşünməyi sonraya buraxmışdım.

İllər gəlib keçdi. Biz böyüdük, hətta beynimizin içində yer alan fikirlər, düşüncələr də böyüyüb boya-başa çatdılar. Və dərk etdim ki, yazılan hər mövzunun öz oxucu auditoriyası formalaşırmışdır. Bu gün həmin erotik şeirlərin fanatları həmin şairənin ətrafında dövrə vururlar, hətta onu rahatsız da edirlər. Mənim fikrimcə, erotika hətta aşırı sentimental romantika belə artıq müasir zamanın tələbi deyil. Müasir gəncliyi, yaxud belə deyək, müasir oxucu auditoriyasını ciddiyə almaq lazımdır. Yazar yaxud şair öncə oxucusuna sayqı göstərməlidir ki, oxucu da ona sayqı göstərsin.

Mən lazımsız və aşırı dərəcədə açıq-saçıq yazmağa meyil göstərənləri başa düşmürəm, hətta onları oxuyanları da. "Normal oxucunun normal erotikaya həmişə ehtiyacı var. Bunu yalnız hissiz, duyğusuz, yalançı mentalitet azarkeşləri inkar edə bilərlər".

Hətta belə düşünənlər də mövcuddur. Mən də razıyam bu fikirlə ancaq axı hər şeyin bir həddi var. Gəlin görək bizlər nə dərəcədə bu həddi gözləyirik. Cəmiyyətimizin gələcəyi olan gənc beyinlər düşünmək istəyirlər axı. Niyə onlara nəfslərini qorumağı deyil, bunun lazımsız bir şey olduğunu sübut etməyə çalışırıq. Torpaqları işğal altında olan bir ölkənin gəncliyi daha ciddi mövzularda düşünməli deyilmi? Bunu  cəmiyyətə bizlər, ziyalılar, yazıçılar, şairlər, jurnalistlər və s. aşılamalıyıq.

Belə əsərlərlə gündəmə gəlmək olar, hətta uzun müddət gündəmdə qalmaq da... Ancaq əsas məsələ axı ədəbiyyatda qalmaqdır...

Yox, elə demək istəmədim, məni səhv anladınız... Deyinməyin, yox, qətiyyən mühafizəkar deyiləm. Hətta haqqımda qlamur və ekstaavanqard deyənlər də var!

Sakit olun! Təbii ki, sadəcə,  bu tərz ciddi əsərlər adamı boğar, sıxar. Ədəbiyyata əlbəttə ki, zəngin mövzular gərəkdir!

Ancaq zəif əsərlərin bestseller olduğu cəmiyyətimizdə ... Məsələn, "Bozun əlli çaları"nı götürək, əsər dünya çapında best sellerdir. Hətta müəllifin müsahibələrini oxuyandan sonra başa düşdüm ki, əsərdə xəfif bioqrafik ünsürlər də mövcud imiş.

Maraqlıdır hə? Psixologiya məsələsi ...

Həmin əsərə filmlər çəkilir və bu filmi izləyən gənclər arasında sonradan normal olmayan həvəslər meydana çıxır.

Demək ki, nədir? Roman, bədii ədəbiyyat, film deyib keçməyək... Bunlar gəncliyə dərindən təsir edirmiş. Məncə, insanları mənfi psixologiyaya sürükləyən əsər də, onun yazarı da günahkardır!

Hə düz deyirsiniz. Bu romanı əksəriyyət oxuyub, oxuyur, oxuyacaq... Ancaq şəxsən mən istəməzdim övladım belə əsərləri bədii ədəbiyyat adlandırsın...

"Erotik ədəbiyyat, fərd, ya da ümum olaraq insanın erotik həyatını müşahidəçi, etirafçı, tənqidi, dadaist və bənzəri şəkillərdə ortaya qoyan ədəbiyyat növüdür. İlk və ən müvəffəqiyyətli nümunələrini Pierre Louys, Sapfo, Markiz de Sada kimi müəlliflər yaratmışdır".

Pierre Louys kimdir? "Durmadan xəstələndiyi üçün təhsili yarımçıq qalırdı. Atasının 1880-ci il - erkən yaşda ölümü üzərinə, artıq tək qayğısı oğlunun sağlamlığı olan anasının qatı mühafizəkarlığı altında yetişdi. Əksəriyyətlə evə qapatılaraq qeydsiz xüsusi müəllimlər və anasının tərbiyəçisi tərəfindən təlimlər verildi".

Markiz de Sada, "Təxminən 29 ilini həbsxanada, 13 ilini ağıl xəstəxanasında keçirmişdir".

Yaxşı qurtarıb vallah...

Yəqin ki, nə demək istədiyimi başa düşdünüz?

"Antik yunan şairəsi Sapfodan başlayaraq "1001 gecə nağılları"na, Markiz de Sada, Con Faulza, Markesə, Kunderaya, Koelyoya, Henri Millerə, Marqaret Dürasa, Kutzeyeyə, Orxan Pamuka, Elfrida Yelinekə, bizdə adı o qədər populyar olmayan, sırf erotik mətnlər yazan Melissa Panarellaya qədər yüzlərlə müəllifin əsərində Şərifin Ağayarın romanındakı kimi parçalar var. Bəzən heç parçalar da yox, mətnin demək olar ki, hamısı bu cür olur. Hələ mən Bukovskinin, Berrouzun, Ginzberqin şeirlərini, Pazolinin filmlərini, çağdaş dövrdə hər gün ekranlardan gördüyümüz şampun, sabun reklamlarını, şəhərin küçələrindəki banerlərin, afişaların əksərində gözümüzə soxulan erotizmi, heyvanat aləmiylə bağlı sənədli filmlərdəki cütləşmə səhnələrini, seriallardakı anormal erotik münasibətləri demirəm". (Seksdən yazan dahilər və Şərif AG)

-Qismətin bu fikirlərini başa düşərək qeyd etmək istəyirəm ki, ay Qismət "18+lar bizə nə verdi, bizdən nə aldı?"

Bu gün Qərb dünyasında baş verənlər, yəni Qərb ədəbiyyatında yaranan bu cür örnəkləri gözümüzə soxa-soxa etdiyiniz təhlilər Şərq ailəsinə necə təsir edir?

Onlar yazıb deyəmi yazmalıyıq? Yoxsa onlar yazıb, biz də yazırıq, əcəb edirikmi deməliyik? Niyə özümüzə belə mövzularda haqq qazandırmağa çalışırıq? Atalarımız boşuna deməyib "Qonşu qonşuya baxdı, özünü oda yaxdı". Cəmiyyətimiz buna hazır deyil. İnanın heç bir ailə övladında bu cür təsirləri görmək istəmir. Çünki Azərbaycanda hələ də ailə dəyərləri, mənəviyyat amili  əsas yer tutur. Biz bunu qorumalıyıq axı!

"Harami"yə gəldikdə isə oradakı erotika həqiqətən də son dərəcə bayağı alınıb.

Kitab oxumağın bizim beynimizdə yaratdığı müsbət bioloji dəyişiklər, düşünmə qabiliyyətimizi yüksəltməsi, mütaliə etməyin söz ehtiyatımıza zənginlik qazandırması lazım deyilmi? Fikrimcə, "Bədii ədəbiyyat mənəvi kimliyimizdir" və biz bu kimliyimizi zədələmək yerinə aliləşdirməyə çalışmalıyıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!