Yazıçılar: turizmdən qazanılan milyonlar - Azər QİSMƏT - Azər QİSMƏT

Azər QİSMƏT

Qabriel Qarsia Markes. Kolumbiyalı yazıçının doğulduğu Arakataka qəsəbəsi indi çoxlarının ziyarət etdiyi məkanlardandır. Təbii ki, istər "Patriarxın payızı", istərsə də "Yüz ilin tənhalığı" əsərlərini oxuyanlar Kolumbiyaya turist səfərinə çıxarkən yazıçının doğulduğu qəsəbəni və mənzili ziyarət etməyə can atırlar. Bəlkə, "Yüz ilin tənhalığı" əsərindəki kimi Yer üzünün ucu elə bu qəsəbədən başlanır. Ya da ola bilsin, patriarx elə bu küçələrdə addımlayıb, anası quşları rəngləyib, yatmazdan əvvəl inəklərə ot verib, yumurtaları sayıb. Yazıçı təkcə sağlığında deyil, öləndən sonra da ölkəsinə xeyir verməkdədir.

"Kaliforniya oteli". Bu mahnının sözlərini yazan şair inanmazdı ki, möhtəşəm uğura imza atacaq. Onu "Cipsi Kinqs" kollektivindən tutmuş Evora, hətta Toto Kutunyoya qədər oxuyanlar olub. Bu mahnının ezackar ifa tərzi dinləyiciləri ovsunlayır. Məhz bunun nəticəsidir ki, sözügedən mahnıya görə Kaliforniyaya səfər edənlərin sayı ilbəil artır. Otelin birgünlük xərcinin fantastik olmasına baxmayaraq, müştərilər azalmır. Bir mahnının yaratdığı gəlir hər il milyonlarla ölçülür.

Orxan Pamuk. Onun İstanbulu vəsf etməsi, az qala hər küçənin, hər skamyanın təsvirini ustalıqla ifadəsi, İstanbula səfər edənlərin sayını artırıb. "Nobel" mükafatlı yazıçının təsviri oxucuları bu şəhərə dartıb gətirir. Təbii ki, bundan ölkə qazanır.

Lev Tolstoy. Dahi yazıçının imarətinin yerləşdiyi Yasnaya Polyanaya hər il minlərlə turist axın edir. Onlar burada olarkən Tolstoyun hər səhər evdən çıxaraq gəzməsini, göbələk yığmasını təsvir edirlər. "Anna Karenina"nın hənirtisini alırlar, "Hərb və sülh"ün duyğularını yaşayırlar.

Ümumiyyətlə, əksər yazıçılar doğulduqları məkandan uzaqlaşaraq ya muza, ya da özünü tapmaq istəyir. Kimisi evindən min kilometlərlə uzaqlaşır, kimisi yaxın şəhərdə məskunlaşır. Əsas odur ki, sakitlik, yaxud qəlbini coşduracaq ölkələr, şəhərlər axtarır. Tapanda dayanır.

Ceyms Coys. "Uliss" və "Dublinlilər" əsərində yer alan İrlandiyanın Dublin şəhəri. Bu şəhərə axın edən turistlərin içində məhz Ceyms Coysa görə gələnlər az deyil. Dünyanın ən çətin, ən möhtəşəm əsərinin yazıldığı şəhərlə tanışlıq, orada fotosessiya etdirməyi əsl kitabsevərlər edər. O, Parisdə yaşasa da, Dublin həmişə yaradıcılığında əsas dönüş nöqtəsi olub. Şəhərin müxtəlif yerlərində "Uliss" əsərinin qəhrəmanlarının kiçik abidələri qoyulub, yaxud hansısa dialoq tunc şəklində əksini tapıb. Bir sözlə, Coys ruhunu yad edənlər bu şəhərdə onun əsərləri ilə təmas qura bilirlər.

Ceyn Ostin (Böyük Britaniya). Hempşir qraflığındakı Çauton qəsəbəsindəki evinə hər il turistlər axın edir. Onun yardıcılığına bağlı olanlar, əsərlərini dönə-dönə oxuyanlar doğulduğu mənzillə də tanışlıq əldə edirlər. Həmin illərin çox oxunan yazıçısı 1817-ci ildə bu evdə 41 yaşında vəfat edib. Yazıçının əsərlərindən doymayan indiki oxucuları evdə saxlanan not vərəqlərinə, məktublara baxırlar, yazı masasının arxasında otururlar.

Enn Rays. Yazıçı ABŞ-ın Luiziana ştatındakı Yeni Orleanda doğulub. Başqa vaxtlarda Yeni Orleana turist axını az olub. Çünki sakit şəhər olub, qeyri-adi binaları, yaxud qədim abidələri ilə tanınmayıb. Amma Enn Rays bu şəhəri məşhurlaşdırıb. O, Orleanı cadugərlər və vampirlər şəhərinə çevirib. Bəzi sadəlövh oxuculara elə gəlir ki, şəhər doğrudan da pis ruhların ocağıdır. Şəhərin yaşlı sakinləri yazıçının sakit məkanı kənar adamların məhz belə tanımasına gileylənsələr də, bu da ötüb keçir. Çünki meriya turist axınından razıdır. Onlar bir yazıçının hesabına öz büdcələrini doldururlar. Harden Distrakt rayonundakı evinin önünə toplaşan oxuculara elə gələrmiş ki, məhz vampirlər bu evdən bütün dünyaya yayılır.

Viktor Hüqo. Bu yazıçının hesabına da Parisin tarixi binaları turistlərin ziyarət etdiyi məkanlar sırasındadır. Elə Notrdamlı qozbelin faciəsini mütaliə edən hər bir oxucu həmin unikal tarixi abidəyə baxmağa gəlir. Elə yaşadığı Roqan imarəti də turistlərin baxdığı yerlərdəndir. Fransa Turizm Agentliyinin yaydığı məlumata əsasən təkcə ötən il Hüqonun mənzilini 200 minə yaxın turist ziyarət edib. Bu heç də kiçik rəqəm deyil. Bir yazıçı ölümündən sonra da xeyir gətirir. Əksər turistlər isə Parisin qədimdən qalma dar yolları ilə saatlarla piyada gəzirlər. Hüqonun səfillərinin gəzdiyi küçələrlə.

Ernest Heminquey. Uzun illər boyunca Kubaya embarqo tətbiq edilsə də, həmin ölkə yazıçılar üçün yazıb-yaratmağa unikal məkan sayılıb. O, Kubadakı evini o qədər sevərmiş ki, ABŞ məmurlarından inciyəndə ora gedərmiş. Təsadüfi deyil ki, Heminquey ən möhtəşəm əsərlərindən olan "Qoca və dəniz"i məhz həmin evdə qələmə alıb. Qonşu uşaqları çağırarmış ki, övladları ilə beysbol oynasınlar. Havanada çox yer sanki qışqırır ki, Heminquey burda olub, burdan keçib. Floriditan barında isə bürünc abidəsi qoyulub. Hər dəfə burada olanda kokteyl içərmiş. Deyilənə görə məşhur "Daykiri" kokteyli məhz həmin barda ortaya çıxıb. Yazıçı kokteyli özünəməxsus şəkildə hazırlatdırarmış. Nəticədə "Daykiri" kokteyli yaranıb. Onun mərhum lider Fidel Kastro ilə dostluğu da bu ölkədə sakit gəzib-dolanmasına imkan yaradıb. Hazırda Kubaya məhz Ernest Heminqueyin ev muzeyinə, kokteyl içdiyi bara, gəzdiyi küçələrə, "Qoca və dəniz" hekayəsini yazdığı dəniz sahilində dincəlməyə gələnlər az deyil, minlərlə ölçülür.

Turistlərin axını Pablo Nerudaya görə də baş tutur. Nerudanın Santyaqoda 3 evi vardı. Ən çox yaşadığı ev adına olan Fondun yanındadır. Memarlıq cəhətdən möhtəşəm olan evin ziyarətinə hər il minlərlə turist axışır. Əsasən də onun yaradıcılığının pərəstişkarları. Qonşu şəhər- Valparaiso, eləcə də İsla-Neqradakı mənzilləri də turistlərin üzünə açıqdır. Həmin evlərdə həyatı boyu istifadə etdiyi əşyalar sərgilənir. Evlərdə yaradıcılıq gecələri keçirilir, kitab təqdimatları baş tutur, həmçinin təzə şairlərin şeirləri səsləndirilir.

ABŞ-ın Men ştatının Banqor şəhərinə turistlərin axını isə Stiven Kinqə görədir. Yazıçının "Ev heyvanlarının qəbiristanlığı", eləcə də "Kerri" romanları Men ştatına qorxunc statusu qazandırıb. Bəzi adamlar ştata gələrkən ruhlarla qarşılanacağından çəkinirlər. Amma əksər adamlar bu ştata gəlməyə can atırlar. Onun əsərlərində tez-tez Viktorian imarətinin adını hallandırması da adamların nəzərini cəlb edib. Polterqeyst həvəsli adamlar imarətin dəhlizlərində gəzib-dolaşırlar ki, ruhlarla üz-üzə gəlsinlər. Əlbəttə, belə yazıları oxucuları inandırmağı bacarıb. Çoxsaylı turistlərinin axını səbəbindən Kinq burada az görünür. Özü görünməsə də, dünya səyahətinə çıxsa da, ştatın büdcəsi dolur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!