Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu

Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə milli istiqlal məfkurəsinin öncül siması Əlimərdan bəy Topçubaşov irsindən seçmələrdən ibarət kitab hazırlayıram. Kitaba onun məqalələri, nitqləri, diplomatik yazışmaları, habelə əqidə və əməl dostlarına məktubları daxildir. Həmin məktublardan birini rus dilindən tərcümədə "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

Əvvəlcə hadisələrin mahiyyətindən xəbərdar olmayanlara məktubun kimə ünvanlandığı, yazılma səbəbi və  toxunulan məsələlər barədə kiçik bir məlumat vermək istərdim. İlk öncə, üz tutulan şəxs barədə.

Xəlil bəy Xasməmmədov (1875-1947) Azərbaycan milli istiqlal hərəkatının və ilk Cümhuriyyətimizin tanınmış xadimlərindən idi. Gəncədə anadan olmuş, Moskva Universitetinin hüquq fakültəsini bitirdikdən sonra ədliyyə sistemində çalışmışdı. 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına seçilmişdi. Milli hərəkatda fəal iştirakı onu Azərbaycan Cümhuriyyətinin qurucuları sırasına gətirib çıxarmışdı. 1918-1920-ci illərdə Milli  hökumətdə iki dəfə daxili işlər, iki dəfə ədliyyə naziri vəzifəsini tutmuşdu. 1920-ci ilin aprelində Azərbaycanın Osmanlı dövləti yanında diplomatik nümayəndəsi təyin edilsə də, yaranmış vəziyyət üzündən İstanbula getməsi mümkün olmamışdı. Həmin ilin iyun ayında daşnak partiyasının üzvləri Aram Erkanyan və Misak Kirakosyanın Cümhuriyyət hökumətinin keçmiş baş naziri Fətəli xan Xoyskiyə qarşı terror aktı zamanı onunla birlikdə olan Xəlil bəy də yaralanmışdı. Həyatının sonrakı dövrü müalicədən sonra getdiyi İstanbulla bağlı olmuş, burada Azərbaycan siyasi mühacirətinin fəal xadimlərindən biri kimi tanınmışdı.

1931-ci il martın əvvəllərində Xəlil bəyin oğlu Rauf 12 yaşında ölmüşdü. Tək və gec tapılmış övlad olduğundan valideynləri, eləcə də ailənin yaxınları ona Rauf Yekta (misilsiz, tayı-bərabəri olmayan) deyirdilər. Vəfat edəndə məşhur Qalatasaray liseyinin ən yaxşı şagirdlərindən biri sayılırdı. Onun ölümü münasibətilə İstanbulda çıxan "Bildiriş" qəzetinin mart saylarında iki kiçik xəbər verilmişdi. Birinci xəbərdə deyilirdi: "İstanbulda mukim Azerbaycan sabik Milli hükumeti Adliye Vekili Halil Hasmehmed beyefendinin 12 yaşındakı oğlu - Qalatasaray lisesi talebesinden Rauf bey mübtəla olduğu hastalıkdan kurtulamıyarak dün vefat etmişdir. Kederdide ailesine taziyetlerimizi beyan eyleriz". Eyni qəzet bir neçə gün sonra Xəlil bəyin ailəsinin ağır günündə ona mənəvi dəstək verənlərə qısa minnətdarlıq məktubunu da cap etmişdi: "Sevgili oğlum Raufun gerek cenaze merasiminde ve gerekse beyani-taziyetde bulunan bilcümle ehibbaye (bütün dostlara - V.Q.) muhterem qazeteniz vasitasile teşekkürlerimin iblağını rica eylerim, efendim".

Parisdə bu xəbəri alan Əlimərdan bəy özü və həyat yoldaşı Pəri xanımın adından Xəlil bəylə xanımına  başsağlığı teleqramı göndərmişdi. Tezliklə ondan qısa, amma çox səmimi məktub almışdı.  Məhz məktubun səmimiyyət tonu təbiət etibarı ilə qürurlu adam olan Əlimərdan bəyi son illərdəki həyatının daimi yol yoldaşı olan ələm, qüssə, sıxıntı və ehtiyac, dostların vəfasızlığı, vəziyyətinin çıxılmazlığı haqqında köhnə mübarizə yoldaşı ilə açıq söhbətə vadar etmişdi.

Yeniyetmə Raufun ölümü ona eyni zamanda qürbət məmləkətdə özünün və ailəsinin üzləşdiyi başqa bir faciəni - oğlu Rəşid Topçubaşovun (1901-1926) vaxtsız vəfatını xatırlatmışdı. Rəşid istedadlı gənc idi, Sorbonna Universitetində təhsil alırdı. Bir neçə xarici dil bilirdi. Yeniyetmə yaşlarından ölkəsinin müstəqillik davasına qatılmış, Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransına yollanan nümayəndə heyətində sədrin - atasının şəxsi katibi olmuşdu. Ailəsinin üzləşdiyi maddi və mənəvi sıxıntıların nəticəsi kimi meydana çıxan vərəm onu gənc yaşında məzara aparmışdı. İki ildən sonra həkimlər qızı Sevərdə də eyni xəstəliyin simptomlarından şübhələnəndə Əlimərdan bəy dəli olmaq dərəcəsinə gəlmiş, yeni faciənin təkrarlanmamasından ötrü Sevəri Fransanın cənubuna müalicəyə göndərmək üçün bütün mümkün və namümkün yollara baş vurmuşdu. Əcəlin çəngindən xilas edə bilmədiyi Rəşidin ölümü isə həyatının sonuna qədər onu qorxunc vahimə kimi izləmişdi...

Parisdə keçirdiyi 15 il Əlimərdan bəy üçün təntənə və məhrumiyyət dövrü olmuşdu. Amma narahatlıq qarışıq təntənə cəmisi bir neçə ay, məhrumiyyət və sıxıntılar isə  illər boyu sürmüşdü. Azərbaycanın dövlət müstəqilliyinin Paris sülh konfransı tərəfindən de fakto tanınmasının sevinc və qürurunu yaşamağa imkan tapmamış bolşevik işğalı kərpic-kərpic qurulan hər şeyi bir an içində məhv etmişdi. On minlərlə soydaşımız kimi Azərbaycan Məclisi-Məbusan (Parlament) sədri, Paris sülh konfransında Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov da yad, qürbət məmləkətdə fərəhsiz mühacir həyatı yaşamağa məhkum olmuşdu. Amma nə maddi-mənəvi sıxıntılar, nə ehtiyac, nə dostların etibarsızlığı və üzüdönüklüyü onu - özünün dediyi kimi, "42 illik millətə xidmət stajına malik qoca türkçünü" bir dəfə tutduğu yoldan - bütün canı, qanı və varlığı ilə doğma Azərbaycana xidmət yolundan çəkindirə bilməmişdi.

Millətimizin XX yüzillikdə yetirdiyi ən görkəmli şəxsiyyətlərdən birinin - Ə.Topçubaşovun Azərbaycan davası üçün getdiyi Parisdəki həyatının acı mənzərələrini göz önündə canlandıran məktubunu təqdim edirəm.
Vilayət Quliyev

 

Əlimərdan y Topçubaşovun rli bir ktubu

Xəlil bəy Xasməmmədova                                                         

2 aprel 1931-ci il

Sent Cloud

Əzizim Xəlil bəy!
Sizdən aldığım son dərəcə həssas və səmimi cavab məktubunu bilərəkdən bizim cavanlara verdim ki, oxusunlar: qoy görsünlər ki, uzun illərin sınağından çıxmış həqiqi dostlar şəraitin dəyişkənliyinə və məsafənin uzaqlığına qətiyyən əhəmiyyət vermədən kədərli günlərdə biri-birlərinin köməyinə necə tələsirlər, ürəklərinin  bir parçası saydıqları övladlarının ölümünə birlikdə necə ağlayırlar, ümumi kədər onları necə birləşdirir, çətin anlarda bir-birlərinə necə təskinlik verir, səbir və dözüm arzulayırlar...

Məktubunuz məndə, Pəri xanımda, eləcə də ailə üzvlərimizin hər birində böyük təəssürat doğurdu. Hamını əvəzsiz itkilərimizi yada salmaq üçün bir daha unudulmaz xatirələrə baş vurmağa məcbur etdi. Kədər içərisində yenə gənc Rauf Yektanın ölümü ilə sizin və Suad xanımın məruz qaldığı ağır itki haqda danışdıq. Həmin dəqiqələrdə yanınızda olmağı, ürəklərimizi həyəcanla dolduran hissləri təsəlli sözlərinə çevirib sizə çatdırmağı nə qədər istərdik!

Mən artıq sizə yazmışdım: ən yaxşı təsəllini verdiyimiz qurbanlarla bağlı xatirələrdə tapmaq olar. Artıq 4 ildən çoxdur ki, özüm də sakitliyi və aramı məndən ötrü həmişəyaşar fikirlərdə, hərəkətlərdə, jestlərdə, xarakterlərdə - bir sözlə, əziz Rəşidimi xatırladan, surətini gözümdə canlandıran hər şeydə tapıram.  Siz də, Suad xanım da onu tanıyırdınız... Hər cümə axşamı xanımımla, Əli Əkbərlə birlikdə qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını çiçəklərlə bəzəyirəm. Tez-tez yazılarını, kitablarını, qeydlərinı gözdən keçirirəm. Ötən ildən yazı masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla onun artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir...

Yaşadığım hisslər digər yaxınlarımın qeydinə qalmaq, xüsusən də üzərimə düşən vəzifələrin öhdəsindən gəlmək üçün mənə güc verir. Hər dəfə  qayğılar içərisində çapalayarkən, işlərimi daha yaxşı şəkildə necə görməklə bağlı  düşünəndə Rəşidin işıqlı surəti gözüm önündə canlanır. Onun vəziyyətimlə maraqlandığını, hərəkətlərimi bəyəndiyini düşünürəm. Bu hisslər məni daha da ruhlandırır. Taleyin bütün zərbələrinə, bütün məhrumiyyət və əzablara sınmadan, əyilmədən tab gətirmək üçün  qüvvə verir, ruhumu  möhkəmləndirir. Əziz oğlumla bağlı xatirələr məndən ötrü çox dəyərlidir.  Bu xatirələr burada, Yer üzərindəki həyatımı o biri dünya ilə bağlı fikirlərimlə birləşdirir... Son mənzilə yola düşməyə nə qədər hazır olsam da, ölüm haqda çox az fikirləşirəm.  Çünki canlı insanam. Hələ yaşamaq, işləmək, yaxınlarıma bacardığım qədər kömək göstərmək, 42 ildən bəri həqiqət və inam meyarı ilə xidmətində dayandığım doğma xalqım naminə fəaliyyətimi  davam etdirmək istəyirəm..

İnanıram ki, həyatı erkən puç olmuş əziz Rauf Yekta haqqında bu cür xatirələrə dalmaqla siz də həqiqi təsəlli tapacaqsınız, insanlara yardımınızı, yolunda uzun illər canla-başla çalışdığınız xalqa eyni həqiqət və inam meyarlarına əsaslanan xidmətinizi davam etdirəcəksiniz. Məhz belə hərəkət edəcəyinizə qətiyyən şübhəm yoxdur. Bunu bizdən üzərimizə götürdüyümüz borc, verdiyimiz qurbanlar tələb edir. Üstəlik ictimai işlərimizin hələ də hər şeyi sarmış hərəkətsizlikdən, hətta deyərdim ki, iflicdən heç vəchlə özünə gələ bilmədiyini də gərək əsla yaddan çıxarmayaq. Bu mənada hamımızın üzərinə ciddi məsuliyyət düşür. Hətta icazənizlə, sizin və özümün məsuliyyət payımızın daha böyük olduğunu deyə bilərəm. Yazışmalarınızda yaranmış belə uzun fasilə də içərisində çapaladığımız mənəvi vəziyyətin göstəricisidir.

Heç bir əlavə təfərrüata varmadan verdiyimiz əvəzsiz itkilər naminə mən həmin vəziyyət üzərində dayanmaq, illərin sınaqdan çıxmış etibarlı dostun,  üstəlik də başlarına eyni dəhşətli müsibət gəlmiş iki insanın anlayacağı bir aşkarlıqla, heç nəyi gizlətmədən öz "hekayətimi" sizə nağıl etmək istərdim.

Tuş olduğum böyük bəla üstəlik bir sıra maddi və mənəvi zərbələrin vurulması ilə daha da dərinləşdi. Həmin zərbələr məni nəticə etibarı ilə mənəvi cəhətdən məhvin astanasına, maddi baxımdan isə dilənçi vəziyyətinə gətirib çıxardı. Əlbəttə, bu kədərli tarixçənin bir çox səhifələri sizə yaxşı  bəllidir. Ona görə də "hekayətimin" ümumazərbaycan işinə, şəxsən özümə və "müxalifətə" şərəf gətirməyən məqamları, epizodları üzərində dayanmayacağam. Bunlar barədə növbəti məktubumda, dostanə söhbət tərzində sizə ayrıca yazacağam. İndi isə cərəyan edən xoşagəlməz hadisə nəticəsində düşdüyüm vəziyyətlə bağlı söz açmaq istəyirəm. Əlavə bəzək-düzəyə yol vermədən, "kim", "niyə", "necə" tipli zəhlətökən suallara toxunmadan  yalnız faktlarla danışacağam.

1929-cu ilin iyun ayında heç bir xəbərdarlıq edilmədən, özümün də gözləmədiyim halda o zamana qədər aldığım yardımdan (Polşa hökumətinin Azərbaycan siyasi mühacirlərinə ayırdığı aylıq 80-100 ABŞ dolları həcminə qrant nəzərdə tutulur. 1929-cu ilin yayından etibarən həmin məbləğ artıq konkret şəxslərə deyil, İstanbulda Azərbaycan Milli Mərkəzinə ödənilirdi -V.Q.) məhrum oldum. Müəyyən müddətdən sonra Dammanla (alman biznesmeni, bankir. Əlimərdan bəyin onun Qafqazla bağlı hansısa layihəsində iştirakını ehtimal etmək mümkündür - V.Q.) gördüyümüz işdən gələn cüzi ayırmalar da kəsildi. Beləliklə, yaşamaq üçün zəruri olan bütün vasitələri itirdim. 1929-cu ilin sonuna doğru mənzil kirayəsinə və nisyə götürdüyümüz ərzağa görə xeyli borc yığıldı. 1930-cu ilin ilk aylarında həmin borcun miqdarı daha da artdı. Ailə üzvlərim dayanmadan işləyirdilər (tikiş, toxuma, trikotaj və s.). Lakin əldə olunan qazanc 13 nəfərdən ibarət külfətin xərclərinin yalnız bir hissəsinə çatırdı. Miqdarı o qədər də böyük sayılmayacaq xüsusi istiqraz təhlükəni bir qədər uzaqlaşdırdı. 1930-cu ilin ikinci yarısı ödəmələri müəyyən vaxtadək təxirə salmaqla bağlı məhkəmələrdə keçdi. Varşavadan bildirirdilər ki, aldığım yardım əvvəlki kimi yenə də ödənilir, lakin pul bu dəfə əlbəəl deyil,  ümumazərbaycan kassasına verilir. Bizim müxalifət nümayəndələri ilə nadir görüşlərimdə vəziyyəti başa salır, kömək göstərməyi xahiş edirdim. Belə müraciətləri mənim yerimə Ceyhun bəy (Ceyhun bəy Hacıbəyli - V.Q.) də edirdi. Lakin bir faydası dəymirdi. R.Z.(Məhəmməd Əmin Rəsulzadə nəzərdə tutulur - V.Q.)  burada olanda mənimlə görüşmədi. Acınacaqlı durumdan çıxmaq üçün göstərdiyim bütün cəhdlər səmərəsiz qaldı. Vəziyyət isə get-gedə mürəkkəbləşir, daha da ağırlaşırdı. Borclar heyrətamiz sürətlə artırdı. Yenə də məhkəmə, qərarın icrası üçün gələn məhkəmə pristavı, polis komissarı, mənzili boşaltmaq tələbi, özümüz çıxmasaq, məcburi qaydada köçürəcəkləri ilə bağlı hədə-qorxu... Müəyyən vaxta qədər möhlət almağıma zamin duran xeyirxah bir fransız tapıldı. Bizimkilərə yeni müraciət də bir nəticə vermədi... Burada və başqa yerlərdə müxtəlif şəxslərdən 50 min franka qədər alacağım var, amma heç kim borcu qaytarmaq barədə fikirləşmir. İndi İstanbulda yaşayan və mənə 2 min frank borcu olan Pşemaxo Kotsev (1919-cu ildə Şimali Qafqaz Dağlı Respublikasının baş naziri, siyasi mühacir - V.Q.) də onların sırasındadır. Nə isə... 1931-ci ili də çox acınacaqlı vəziyyətdə qarşıladıq. Borclar daha da artmışdı, verilən bütün möhlətlərin vaxtı çoxdan ötmüşdü. Hər gün ailəmlə birlikdə küçəyə atılacağımı gözləyirəm. Amma hər şeydən də aydın göründüyü kimi, bunun heç kəsə isti-soyuğu yoxdur. Fəqət, başıma gələnlər barədə sizə yazıram... Səhv və günahlarım nə qədər böyük olsa da, məni belə ağır, böhranlı vəziyyətdə tək qoymaq olmazdı, maddi baxımdan bu cür dilənçi kökünə düşməyimə imkan vermək insafdan deyildi. Əvvəl gərək mənə yardım göstərəydilər, sonra mühakimə edəydilər...

Əminəm ki, siz heç zaman mənə belə amansızcasına yanaşa bilməzdiniz, yanaşmazdınız. Və indi ehtiyacın girdabında boğulduğumu biləndən sonra fikrimcə, köməyimə gələn də siz olacaqsınız. Sizdən heç nə gizlətmədim, indiki vəziyyətimlə bağlı hər şeyi olduğu kimi yazdım. Əlbəttə, şəxsən imkanınız çatdığını bilsəydim, borclarımı ödəmək üçün sizdən filan qədər pul göndərməyi, yaxud ərkiniz çatan bir nəfərdən mənim üçün heç olmazsa, min lirə borc almağı xahiş etməkdən utanmazdım. Amma bu mümkün olan işdirmi? Təəssüf ki, heyhat!  Deməli, yeganə çıxış yolu kimi mənim də payımın olduğu ümumi kassa deyilən son istinadgah qalır. Ona görə də bir dost kimi  həmin kassadan mənə çatacaq məbləği almaq üçün bütün imkanlarınızı işə salmağı, bacardığınız qədər təsir göstərməyi sizdən xahiş edirəm. Əgər orada mənimlə bağlı hansısa şübhələr varsa, qoy o zaman  ən ağır və təcili borclardan qurtarmaq üçün istisna kimi sonra geri qaytarmaq şərti ilə bir qədər pul versinlər. Ümumi şəkildə yazıram, çünki kassanın vəziyyətindən və statusundan xəbərim yoxdur. Ən azı ümumi kassadan borc götürmək kimi bir çıxış yolunu isə ona görə şəxsimə rəva bilirəm ki, diqqəti ehtiyac, həm də son dərəcə dəhşətli ehtiyac içində yaşadığıma çəkə bilim, özümü və ailəmi başımızın üstündə dolaşan fəlakətdən qurtara bilim. Çünki kimsənin mənim belə dəhşətli fəlakətə, müsibətə düşməyimdə maraqlı olacağını təsəvvürümə gətirə bilmirəm...

Şəxsimə göstərilən və əsla haqq etmədiyim münasibət, fikrimcə,  indiki vəziyyətim, mövqeyim haqda məlumatsızlığın, birtərəfli və qeyri-ciddi yanaşmanın nəticəsidir. Mövcud maddi çətinliklərim bir qədər yüngülləşən kimi bütün bu məsələlərə aydınlıq gətiriləcək.

Dünyada heç bir şeyin məni artıq bir dəfə iman gətirdiyim, qəbul etdiyim prinsiplərdən əl çəkməyə vadar edə bilməyəcəyinə sizi inandırmağa ehtiyac varmı? Prinsiplərim xalqın maraqlarına sədaqətlə xidmətdir, hər kəsi ümumi iş ətrafında birləşdirmək cəhdidir; təşəbbüsümə qoşulmayanları, mənimlə bir sırada olmayanları  ittiham etmək fikrindən uzaq durmaqdır.

Nə irəliləyən yaş, nə xəstəliklər, nə ehtiyac məni ümumi işə xidmətdən kənarlaşdıra bilməz. İndiyədək qüvvəmin imkan verdiyi qədər, yaxamı heç bir məsuliyyətdən kənara çəkmədən, hər hansı səhvimi pərdələmədən həmin işin öhdəmə düşən və düşəcək qismini görmüşəm. Bundan sonra da görməyə  hazıram. Yalnız bir qeyd-şərtim var - onu da hələlik tək sizə bildirirəm: mən də xatirələrimi dilə gətirmək, əlimin altındakı mövcud materiallardan yararlanıb  "memuarlarımı" yazmaq istərdim. Orada bütün fəaliyyətim boyu qarşılaşdığım, müşahidə etdiyim çoxlu maraqlı məqamlar olacaq. Bu işi görməkdən ötəri  tənha bir guşəyə, məsələn, həmişə çox xoşuma gələn Böyük adaya (Çağdaş Türkiyədə Uzun ada kimi də tanınır, İstanbul yaxınlığında, Mərmərə dənizində yerləşir. Tarixən əsas etibarı ilə yüksək təbəqənin istirahət yeri kimi tanınırdı - V.Q.) getmək istərdim... Amma heyhat,  keçmiş komissara (1920-1923-cü illərdə İ.V.Stalinin  rəhbərlik etdiyi Millətlərin işi üzrə PSFSR Xalq Komissarlığında çalışmış Məhəmməd Əmin Rəsulzadə nəzərdə tutulur - V.Q.) nəsib olan belə yerlər məndən - qoca və atəşin türkçüdən ötrü əlçatmazdır. Əlbəttə, hələlik ortalıqda olmayan memuarlar da ümumi işimizə fayda gətirə bilərdi. Onları yazıb bitirəndən sonra isə mən ümumazərbaycan davasının sıralarında yerimi alardım.

Beləcə, özüm, işlərim, vəziyyətim haqda sizə uzun illərin sınağından çıxmış bir  dost açıqlığı və səmimiyyəti ilə danışdım. Axı mənim nəzərimdə siz də belə dostsunuz. Hiss edirəm ki, artıq məktub çərçivəsindən kənara çıxıram. Lakin peşiman deyiləm. Çünki hətta indiki kədərli vəziyyətinizdə də daxilimi didib-parçalayan maddi sıxıntı əzablarına diqqətsiz qalmayacağınıza və verdiyimiz dəhşətli qurbanlar naminə köhnə dostunuzun köməyinə yetişməyə çalışacağınıza inanıram. Sizdən bu köməyi gözləyirəm. O nə qədər tez olsa,  indiki çıxılmaz vəziyyətimi də bir o qədər tez düzəldə bilər.
Özümün, Pəri xanımın və uşaqlarımın hamısının adından sizə və Suad xanıma səmimi salamlarımı göndərirəm. Sizə ürəyiniz istəyən rifah, qüvvə və gümrahlıq arzulayıram.

Sizə dərin hörmət bəsləyən
Əli Mərdan Topçu

            Rus dilindən tərcümə edən: Vilayət Quliyev


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!