Filologiya üzrə ən gənc qadın elmlər doktoru

"Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar" - deyirdi ulu öndər Heydər Əliyev. Və bütün halıyla bu deyilənlər çağdaş ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidimizin tanınmış simalarından biri olan Elnarə Akimovanın tərcümeyi-halından qızıl hərflərlə keçir. Elə onun filologiya elmləri doktoru dərəcəsi almaq üçün AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasına təqdim etdiyi elmi işin müzakirəsi zamanı çıxış edənlər də daha çox Elnarə xanımın elmi fəaliyyətini şərtləndirən bu cəhətlərdən söz açdılar.

Sözügedən institutun direktoru, akademik İsa Həbibbəyli qeyd etdi ki,  Elnarə Akimova demək olar ki, gənc nəslin arasında ən öncül sırada qərarlaşan alimlərdəndir. Ədəbi prosesdə kifayət qədər nüfuz sahibidir. Bu nüfuzu Elnarə xanım öz zəhməti, səriştəsi, professional elmi-nəzəri düşüncəsi ilə qazanıb.  Elnarə Akimova öz kitabları, məqalələri ilə çağdaş ədəbiyyatşünaslıq elminin ən müasir imkanlarını cəmiyyətə təqdim edə bilən alimdir… 

Akademik daha sonra dedi: "İş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsində yerinə yetirilib. Elmi məsləhətçi akademik Teymur Kərimli, rəsmi opponentlər akademik Nizami Cəfərov, professor Şirindil Alışanlı və filologiya üzrə elmlər doktoru Paşa Əlioğludur. Dissertasiyaya ölkənin ən nüfuzlu alimləri rəy veriblər. Bu rəylərdə Elnarə xanımın tədqiqat işinin məziyyətləri yetərincə aydın şəkildə şərh olunub".

Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı doktorantın tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi dissertasiya haqqında məlumat verdi.

Elmi məsləhətçi, akademik Teymur Kərimli bildirdi ki, Elnarə Akimova bu mövzu üzərində çoxdan işləyir. Məni hər şeydən çox sevindirən onun zəhmətkeşliyidir. Elnarə xanım təkcə poeziyanı deyil, həm də nəsri, dramaturgiyanı eyni miqyasda yaxşı bilir. Bizim klassik ədəbiyyatşünaslar adətən belə olublar. Bütün sahələri biliblər. Məsələn, mən bilirəm ki, Elnarə xanım kompleks şəkildə bütün ədəbiyyatı bilir. Nizamini bilir, Füzulini yaxşı duyur, Cavidi nə qədər dərindən bilməsi və sevməsini isə onun müdafiə etdiyi bu tədqiqat işində görmək çətin olmur. Adam təəccüb edir ki, Elnarə xanım bu qədər materialı necə oxuyub, necə sistemləşdirib... Elnarə xanım həm də  "Ədəbiyyat qəzeti" kimi nüfuzlu bir qəzetdə ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışır, demək olar ki, bu qəzetdə hər həftə onun məqalələrini oxuyuruq. Mən Elnarə xanımı təbrik edirəm, amma ən əsası bizim ədəbiyyatşünaslıq elmini təbrik edirəm ki, klassik və çağdaş düşüncəni özündə ehtiva edən bu cür gənc və peşəkar ədəbiyyatşünas elmlər doktoru elmi dərəcəsinə yüksəlir.

Akademik  Nizami Cəfərov qeyd elədi ki, "İş elə gətirib, mən Elnarə xanımın namizədlik dissertasiyasının müdafiəsində də onun rəsmi opponenti olmuşam. O zaman da heç bir irad göstərməmişdim işlə bağlı. İndi də iradım yoxdu. Ona görə ki, məncə, tədqiqatçının bu miqyasının qarşısında irad göstərməyin əhəmiyyəti yoxdur. Mənim üçün çox xoşdu ki, Elnarə bizim tələbəmiz olub və müəllim üçün öz tələbəsini elmlər doktoru kimi görməkdən daha qürurverici heç nə ola bilməz. Dissertasiyanın keyfiyyəti, əlbəttə ki, tədqiqatçının miqyasından asılı bir məsələdir. Heç bu dissertasiya olmasaydı da, yazdığı əsərlərin hər biri zaman-zaman elə Elnarənin müdafiəsidir. Elə hər həftə "Ədəbiyyat qəzeti"ndə yazıları çıxdıqca görürük ki, Elnarə gəldi doktorluq səviyyəsinə çatdı və onu keçdi. Təxminən 2-3 ildir ki, Elnarə doktorluq səviyyəsindən yuxarı işləyir. İşin mövzusuna, quruluşuna, problematikasına gəldikdə belə bir müqayisə apara bilərəm ki, Elnarə qeyri-səlis məntiqlə işləyən tədqiqatçıdır. Material nəyi verirsə, o materiala uyğun ideyalar formalaşır, təşəkkül tapır. Ona görə də bu iş çox canlı bir işdir, potensialı böyük olan bir işdir. Bu dissertasiyada hər şeyi soruşmaq və maraqlanmaq üçün əsas var. Mən düşünürəm ki, burda üç ciddi estetik anlayış var: birincisi müstəqillik, ikincisi poeziya, üçüncüsü təmayüllərdir. Yəni bu üç kateqoriya çox məntiqli şəkildə əlaqələndirilir və dörd fəsildə uğurlu həllini, dərkini tapa bilir. Mən bu işi çox qiymətli tədqiqat əsəri hesab edirəm…

Filologiya elmləri doktoru Paşa Əlioğlu qeyd etdi ki, Elnarə Akimovanın "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir  ədəbi təmayüllər kontekstində" mövzusundakı dissertasiya işi son illərin ən əhəmiyyətli elmi əsərlərindən biridir. Burada şeirimizdə ənənə yaradan şairlərin müasir ədəbi prosesdə yeri, mövqeyi, müasirliklə ayaqlaşması məsələsinin incələnməsi - inkar edənlərlə inkar edilənlərin eyni müstəvidə təhlilə cəlb olunması xüsusilə maraq doğurur - ədəbiyyatımıza 60-cı illərdə gəlmiş, canlı klassik statusunu qazanmış şairlərin və gənc nəslin yaradıcılığı müqayisəli şəkildə araşdırılır. Baxmayaraq ki, hazırda poeziyanın tədqiq və təhlilində ümumi bir kriteriya yoxdur və istənilən yanaşma daha çox subyektivdir, bu tədqiqatda Elnarə Akimova qiymətləndirmədə obyektivlik nümayiş etdirməyə çalışır və böyük ölçüdə buna nail olur".

Professor Şirindil Alışanlı da E.Akimovadan ədəbi-elmi ictimaiyyət tərəfindən qəbul edilmiş istedadlı ədəbiyyatşünas - tənqidçi kimi söz açdı. Bildirdi ki,  bu dissertasiya onun yaradıcılıq imkanlarının təsdiqidir. O, elmi ad almaq üçün yox, elmin təmsilçisi  olmaq haqqını sanballı bir əsərdə ifadə etmişdir.

Dissertant E.Akimova poeziya tarixinin tədqiqinə müstəqillik illərinin ədəbi tənqidinin öyrənilməsi sahəsindəki səmərəli təcrübəsindən gəlib. Onun namizədlik dissertasiyasında poeziyanın tənqid tərəfindən dərki, dəyərləndirilməsi, şeirin mahiyyətinə varmaq, onun üslubi təmayüllərini ümumiləşdirmək baxımından E.Akimovanın tənqidçi-ədəbiyyatşünas kimi bu əsərində dolğun əksini tapmışdı və ədəbi-elmi ictimaiyyət tərəfindən də kifayət qədər yüksək dəyər almışdır.

Doktorluq dissertasiyası kimi təqdim etdiyi mövzunu işləməyə də halal haqqı vardır. Bu dövrün ədəbiyyatını operativ izləyib, yaddaqalan nümunələri haqqında dövri mətbuatda çoxsaylı məqalələrlə çıxış edib, ədəbi-elmi diskussiyaların fəal iştirakçısı olub.

Bu dövrün ədəbiyyatı haqqında çox yazılsa da, görünən və görünməyən, tədqiqini gözləyən problemlər kifayət qədərdir. Dissertasiyada konkret tarixi mərhələ götürülsə də, müəllif haqlı olaraq müasir poeziyaya gedən ideya-bədii axtarışların mahiyyətini onun yaddaşında axtarır, müşahidə etdiyi üslubi təmayüllərin tarixi poetik mənbələrini üzə çıxartmağa səy göstərir və buna əsasən nail olur.

Dissertasiyanı bir elmi janr hesab etsək, onun müəllifi bu janrın ənənələrini saxlamaqla yanaşı, öz mülahizə və mübahisələrində olduqca sərbəstdir, elmi sxematizm əvəzinə, elmi düşüncə mükəmməlliyi nümayiş etdirir. Bu mənada dissertasiya ədəbiyyat tarixiliyindən daha çox nəzəri səpkisi, nəzəri tutumu ilə seçilir.

Poeziyanı tədqiq etmək üçün tənqidçi-ədəbiyyatşünas ümumnəzəri hazırlıqla yanaşı, poetik sözün gözəlliyini, onun estetik yaddaşının zənginliyini, nəhayət, poeziya tarixini mükəmməl bilməlidir. E.Akimovanın şeirə həsr edilmiş ardıcıl məqalələri onun bu sahədəki fəaliyyətinin, seçiminin bir yaradıcı fərd kimi onun mənəvi ehtiyacına çevrildiyindən xəbər verir. Onun poeziya ilə ünsiyyəti elmi məzmunu ilə yanaşı, yaradıcılıq prosesidir. Bu yaradıcılıq prosesində onun tənqidçi kimi qavrama, dərketmə, dəyərləndirmə prinsipləri də inkişaf edir, poetik mətnə yeni qayıdışları elmi qənaətlərinə təshihlər verir.

Müəllifin elmi qənaətləri, təhlil səriştəsi, elmi diskussiya mədəniyyəti dissertasiyanın "90-cı illər - keçid dövrünün şeiri. "Yeni şeir" haqqında nəzəri-estetik konsepsiyaların formalaşması" fəslində daha mükəmməl ifadəsini tapmışdır…"

İşlə bağlı çıxış edən Şuranın üzvləri - professorlar Məmməd Əliyev, Mahirə Quliyeva, Vaqif Yusifli, Rafiq Yusifoğlu, filologiya üzrə elmlər doktorları Yaşar Qasımbəyli, eləcə də filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxış edərək tədqiqatın elmi yeniliklərindən danışdılar, işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verdiyini qeyd etdilər. Bildirildi ki, Elnarə Akimova Azərbaycanda filologiya üzrə elmlər doktorluğu müdafiə edən ən gənc qadın alimdir.

Sonda Elnarə Akimova Şura sədrinə, üzvlərinə, rəsmi opponentlərə, rəyçilərə, eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nümayəndələrinə öz təşəkkürünü bildirdi: "Belə məqamlarda söz demək çətin olur. Əvvəl güclü bir həyəcan sarır adamı, ardınca elə bir sevinc gəlir ki, deyə biləcəyin bütün sözlərin qarşısı alınır sanki. Əslində, çox sözə ehtiyac yoxdur, məncə. Sadəcə, şükranlıq və təşəkkür borcum var. Burda olan hər kəsə təşəkkür borcum. Bu gün mənim yanımda olduğunuz, bu günü mənimlə paylaşdığınız üçün təşəkkür edirəm.  Həmişə sevinmişəm ki, ədəbiyyatı həyatımdan epizod kimi deyil, ömür kimi keçirirəm. Bu böyük sevdanı uşaqlıqdan içimə saldığı, mənə ədəbiyyat adlı ünvana gedən yolu göstərdiyi üçün ilk növbədə atama təşəkkür edirəm. Atamın bir neçə aydan sonra 80 yaşı olacaq. Bilirəm ki, bu böyük ömrün əvəzedilməz sevinclərini bir övlad kimi ona mən yaşatmışam. Daha sonra İsa müəllimə təşəkkür edirəm. Hamı bilir, İsa müəllim institutunun bütün əməkdaşlarına qarşı nə qədər həssas və diqqətlidir. Bizim yazdığımız bir məqalə belə İsa müəllimin gözündən yayınmır və doğrusu, həmişə heyrət etmişəm, bu qədər gərgin iş rejiminin içində buna necə vaxt tapa bilir deyə. Azər Turana təşəkkür edirəm. Mən bunu dəfələrlə deyirəm, qürurla deyirəm. Mən "Ədəbiyyat qəzeti"ndə Azər Turandan yalnız yaxşı qəzet çıxarmağın təcrübəsini öyrənmirəm. Həm də ustad dərsləri alıram, "ulusu sevmək" fənnini öyrənirəm. Bəli, "meyar şəxsiyyətdir!". Ədəbiyyatda özümə həmişə işıq hesab elədiyim Yaşar Qarayevin fikridir bu. O Yaşar Qarayev ki, aspiranturaya daxil olmaq üçün sənədlərimi bura təqdim edəndə, ilk görüşümüzdə mənə artıq "gənc aspirant" deyə müraciət etdi. Tanıdığım qısa zaman kəsimində bütün mənəvi keyfiyyətləri, elmi bazası ilə kəşf olundu mənim üçün. Bir neçə gün öncə Tehran Əlişanoğlunun haqqımda yazdığı məqalədə təxminən belə bir fikir vardı: Elnarə Akimovanın tənqidlə bağlı tədqiqatdan  poeziya mövzusuna adlaması işin çətinindən yapışmağı tələb edirdi. Bu fikirləri oxuyanda Y.Qarayevi xatırladım. İşin çətinindən yapışmağı mənə o tövsiyə eləmişdi. Çətinliklərdən qorxma demişdi. Amma çətinlik həm də o zaman aşılır ki, gücünə güc qatan amilə güvənə bilir… Mənim üçün həmin amillər çoxdur: ailəm, övladlarım, dəyərli dostlarım, ziyalılar və içimdə heç vaxt sönməyə qoymadığım Ədəbiyyat adlı işıqdır!"

Hazırladı: Sərvaz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!