"İlk Cümlə Texnikası"na dair qeydlər - Ziyad Quluzadə yazır

 

Sətirlərin üzərində gözlərinizi gəzdirərək eyni "Viktorya dövrü"ndə məşhur olan "Great Tour" təcrübəsini yaşayırsınız. Həmin fiziki hərəkət olmadan, sadəcə düşüncə ilə virtual bir dünyanın o xoşhal ləzzətini yaşamağın ayrıca ləzzəti olduğunu qeyd etməliyəm. Bu elə dərin və sevindirici, zövqverici bir ləzzətdir ki, oxumağı, mütaliənin hesabına əldə edilə bilər. Ancaq burada digər bir məqam da məhz virtual, təxəyyül dünyasına olan səyahətin qapılarını açacaq olan sehrli kəlmələrin gücüdür. Bəziləri üçün bu bircə cümlə, bəziləri üçün uzun boşluq, bir çoxları üçün isə əhəmiyyətsiz bir detaldır. Di gəl ki, son vaxtlar mənim üçün yazı məşqlərimdə ləzzətli bir araşdırma mövzusuna çevrilib. İstədim ki, uzaq ellərin nəsr sirrindən, qədim diyarların adına "naratology" dediyi, daha çox "narrative" deyə ifadə etdiyi bu "nəqletmək" sənətindən danışam. Daha doğrusu, bunun ən incə detalını, ilk cümləsinin arxetipindəki fəlsəfi, texniki dəyəri analiz edim.

Roland Bart deyirdi ki, "nəsr bütün hallarda nəqledənin özüdür!" Əslində haqlıdır. Çünki nəsr, bu mənada onu yazanın düşüncələrinin, xarakterinin, seçimlərinin və zövqünün, qorxularının və komplekslərinin cəmidir. Bütün yazıçılar öz duyğularını, təhtəlşüurlarını, xarakterlərini kriptosunu obrazlarının əyninə geyindirir. Məsələn, Frans Kafka eyniylə Zamza kimi böcəkləşmək istəyi ilə, çevrilmək, başqa nəyə isə dönmək arzusu ilə yaşayırdı. Ya da ki, M.F.Dostoyevskini götürək! Elə o da Raskolnikovun baltası qədər qorxunc, ama həmin baltanın missiyasındakı ilahi məqam qədər ali məqsədlər üçün yaşayırdı. Amma bir də bizimkilər var axı! Neftli ölkənin dərin quyularından da dərin düşüncələri olan, ancaq dibsizliyin qaranlığında səsini ədəbiyyat dünyasına eşitdirə bilməyənlərimiz də var. Məhz onlarda da bu xarakterin, kriptonun ədəbiyyatını görə bilərik. Bu mənada Səlim Babullaoğlunun şeirləri mənim həmişə diqqətimi çəkir. Səliqəli, hər bir hərfin, hərflər arasındakı o dərin boşluğun, sözlərin və bütünlüklə bu simvolların birləşib yaratdığı şeirlərin enerjisi insanda onun dünyasına səyahət həvəsi oyadır. Bəlkə də, deyəcəksiniz ki, məqalə üçün müəyyən etdiyim "əsərin ilk cümləsi" hipotezinə qarşı çıxıram, simurq qanadlarında sizi başqa dünyalara aparıram, ancaq bu da mənim səyahətimdir əgər xoşdursa, davam edək! Onun sevdiyim bir şeirini oxuyun!
"Gündəlik üzücü işləri,

vərdişləri nəzərə almasaq,

bir də doğuşun və qürubun səmtini,

onda heç kim sabahı yaşadığı kimi gözləmir.

Bura gələ-gələ ilk cümlə

            haqqında düşünürdüm,

Kağız üstündə o təxminən belə ola bilərdi:

adam həmişə danışmaq istəyir,

amma çox vaxt lazımi yerdə

və istədiyi adamların əhatəsində olmur."

(Coratdakı balıqçı uşaqlarının ədəbiyyat dərsi)                                                          

***
Oxucu qəfil girdiyi bir mağazada (təsadüfdən, hər hansı bir kitab almaq niyyətində olmadan) əlinə aldığı ilk kitabın müəllifinə, adına baxmadan birbaşa birinci paraqrafdakı birinci cümləni oxuyur. Və özümün də bu vərdişim bir müddətdən sonra əslində bəzi ciddi məqamlar barədə düşünməyə məcbur olduğumu mənə xatırlatdı. Bu, oxucunun kitabın dünyasına olan "təxəyyül səyahəti"nin ilk qapısıdır. Bu qırx qapılı sarayı gəzdirmək üçün onun hər tərəfini "Min bir gecə" nağıllarındakı Şəhrizadın hiyləgərliyindən yararlanaraq "maraq" hissi ilə bürüməlisən. Çünki ilk cümlə sadəcə əsərə daxil olmaq üçün yox, həm də həmin qapıdan ürəklə içəriyə addım atmaq üçün də vacibdir. 

Dünyada böyük oxucu kütləsini arxasınca aparmış, onu fərqli dünyalara səyahət etməyə həvəsləndirmiş olan əsərlərin ilk cümləsinə nəzər yetirək.

"Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident sarayına doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri dəyişilməyən kifsəmiş havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş şəhər, bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı..."

("Patriarxın payızı", Qabriel Qarsia Markes)

Afaq Məsudun tərcümə etdiyi "Patriarxın payızı" romanının ilk cümləsi bizdə qəribə suallar oyadır. Burada ilk rıçaq kimi "prezident sarayı" adlanan məkanın "uzun müddətdən bəri dəyişilməyən kifsəmiş havası" təsnifinin yaratdığı ziddiyyətdir. Çünki tarix boyu belə məkanların işıqlı, gözəl qoxulu olduğuna dair düşüncəmizdəki əsas kodlar bir anda sarsılır və biz həmin kodları dekonstruksiya edən "kifsəmiş hava" ifadəsi ilə qarşılaşırıq. Görəsən, niyə? Axı prezidentin sarayı niyə belə "kifsəmiş" qoxa bilər? Hansı fövqəl hadisə baş verib? Beləcə romanın ikinci cümləsi, sonra üçüncü və sonra 150-ci səhifəsi və ən sonuncu cümləsi bir gizli sirrin, dolanbac "narrative" içərisində uzanıb gedir.

"İlk cümlə" texnikasının ən uğurlu adları! Top 10! Böyük mükafatın sahibi! Kimi titullar verməli olduğumuz, bu barədə ciddi söz-söhbət olanda adını hörmətlə çəkib, gəldiyi yollara qırmızı xalçalar sərməli olduğumuz digər ad Georg Orueldir. Doğma dilimizə Vilayət Quliyevin tərcümə etdiyi "1984" kimi məşhur romanının ilk cümləsində deyilir ki (Hərçənd cənab V.Quliyevin əməyini böyük dəyərləndirir və belə ülvi bir iş üçün ona sonsuz təşəkkür edərək, qeyd etmək istəyirəm ki, əslində ilk cümlə belədir. 'It was a bright cold day in April, and the clocks were striking thirteen.' Yəni təcümədə bölünərək iki cümlə kimi verilib. Birinci cümləni təkcə vermək məqaləmizin ali məqsədinə uyğunsuz olduğu üçün tərcümədəki cümlənin ikisini də vermək daha doğru olar):

"Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu."

Oruel ilk cümlədə qəribə bir zarafat edir. Saat on üçü vurdu. Əslində modern saatlar 12-yə qədər gösrərir. Ancaq sonra yenidən başlayır. Şübhəsiz, burada bir az semyotiklərin o labirintli yollarında yerimiş olmaq lazımdır. Çünki, Oruel ilk cümləsini bir az daha diqqətli oxucuya istiqamətli hazırlayıb. Digər tərəfdən isə, bizə bildirmək istəyir ki, bəzi şeylər heç də yolunda getməyəcək. Və bu xırda eyham, sanki "Alis möcüzələr diyarında"kı  "sarı yolu izlə!" deyənlərin tükürpədici dəvətinə bənzəyir.   

Bir az da Azərbaycan ədəbiyyatında bəzi uğurlu romanlarımızın ilk cümləsini analiz edək. Bu mənada Yusif Səmədoğlunun "Qətl günü" romanı maraqlıdır.

"Dərd də azar kimi, gələndə batmanla gəlir."

Yusif Səmədoğlu ilk cümləni belə başlayır. Bir az deyimvari, həm də semiyotik məqamı dərin cümlədir. Çünki oxucuda nə dərd? Kimin başına dərd gəlib? Bəs, bu dərddən necə xilas olub? Xilas ola bilib? - kimi suallar yaranır.

Başqa bir ilk cümlənin tilovuna isə oxucunu Kamal Abdulla keçirə bilər. Onun xeyli dillərə tərcümə edilmiş və kifayət qədər ciddi müzakirələrə səbəb olan (haqqında elmi-konseptual araşdırmaların biblioqrafik siyahısına bax!)  "Yarımçıq əlyazma" romanının ilk cümləsini də təhlil edək.

"Milli Əlyazmalar İnstitutunun (fondunun) Orta əsrlər şöbəsinin 3-cü xətdə yerləşən kataloqunun A21/733 nömrəli yeni əlyazması məndə hər şeydən əvvəl ona görə maraq oyatdı ki, kitabxana işçisinin dediyinə görə bu tipli yazışmalar son dərəcə aydın və şəffaf olurlar və bu baxımdan onlara o qədər də diqqət yetirmirlər."

Bu "Yarımçıq əlyazma" romanının o Jean Baudrillardın təbirincə desək, "simulakr"larla əhatələnmiş dünyasına açılan ilk qapı bəzən romanın adı, bəzən isə ilk cümlə olmaqdadır. O ki, qaldı ilk cümləyə, buradakı "3-cü xətdə yerləşən kataloqunun A21/733 nömrəli yeni əlyazması" və  "onlara o qədər də diqqət yetirmirlər" izahı olan cümlənin  əslində bir az bizə sirr haqqında danışacağını, hansısa gizlin, mistik bir dünyaya səyahət etmək üçün bizi cəsarətləndirdiyini göstərirdi.

Əziz oxucum! İşdir, qəfil qəlbində cümlələri ağ vərəqlərin üzərinə düzmək və o sirli təxəyyül kəhkəşanına səyahət üçün Simurqa əmrlər vermək niyyətində olsan, əsərinin qapılarına ilişdirdiyin giriş cümlən oxucunda "kim?", "Nə?", "Niyə?", "Hara?", "Nə zaman?" kimi suallar yaratsın. Onu bu gözləmədiyi anda beyninə dolan sualların labirintinə sal ki, sonrakı sətri, sonrakı paraqrafı, sonrakı səhifəni, sonrakı fəsli, sonrakı əsəri oxuya bilsin.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!