Mnemosina - Yaddaş ilahəsi - Günel Eyvazlı

Esse

Günel EYVAZLI

İnsan şüura, ruha, cismə malik olan bəşəri varlıqdır. Sadaladıqlarımızın cəmində insan-insandır. Birinin yoxluğu insanın yox olması deməkdir.

Biz zahirən, vücud olaraq can köynəyinimizi itirəndə görünməz oluruq. Məhz bu anda vizual görüntüsü yox olan insan bizim üçün heçliyə çevrilir. Keyfiyyət isə daxili nəsnə olduğundan düşüncəsini, vicdanını, hissiyyatını itirən şəxs vizual olaraq bizə hələ də insanı xatırlatsa da, öz insanlıq mahiyyətindən uzaqlaşmış olur. İçi boş saxsı qaba bənzəyir...

Üç cərəyan daxilimizdən keçir. Dərkimiz, düşüncəmiz varsa, yaşayırıq... Ruhumuz varsa, duyuruq... Cismimiz varsa, hərəkət edirik, toxunuruq, görürük, eşidirik.

Yaddaşımız bizə xas, bizim olan əsas dəyər vahidimizdir. Onun varlığı bizim var olmağımız deməkdir. Çünki biz yaddaş qutusunun içində təkcə özümüzə deyil, ailəmizə, şəcərəmizə, xalqımıza məxsus informasiyanı daşımış oluruq. Hətta "Qan yaddaşı" dediyimiz ifadə belə damarlarımızda axan genetik kod ötürücülərindən söhbət açır ki, bu da dərkimizdən kənar nəsnələrin bizdən asılı olmayan axın vasitəsilə nəsildən-nəslə ötürülməsi deməkdir.

Yunan mifologiyasında belə bir element var. O dünyaya köç edən insan digər dünya astanasında düşüncəsini, yaddaşını Aid səltənətinin qapısı önündə təhvil verir. Saf, təmiz, xatirələri olmayan bir beyinlə bu dünyadan o dünyaya köç edir. Demək ki, yaddaş, genetika keçmiş zamanların məlumat kartıdır. Onun var olması böyük bir etnosun, xalqın, millətin var olmasıdır. Yoxluğu isə məhvdir, bəşəriyyətin məhvidir. Aid səltənətinə isə xatirə yığını lazım deyildi. Çünki düşüncə, xatirat onun sükut dünyasının nizamını poza bilərdi.

Dünyanın qloballaşma sindromunu yaşamaqdayıq. Adətləri ümumi, vahid kültürlə əhatələmək istəyi bəlkə də elə ilkin yaddaş bazasından uzaqlaşmağa xidmət edir. Yeni eraya adlamaq astanasında biz də Yunan mifində deyildiyi kimi, öz genetik yaddaşımızı öz əllərimizlə təhvil verərək dünya qapısından keçməyə hazırlaşırıq. Həm də insanların söykəndiyi inam xurcunu olan din belə, öz ilkin mahiyyətindən uzaqlaşdırıldığı üçün könüllü surətdə bizlərin ondan  imtinasına gətirib çıxarır ki, bu da yeganə dayaq nöqtəsi olan inam adlı nəsnədən bizi aralı saxlayır. İnamın məhv olması isə insanlığın sonudur, cənablar.

Bu tip könüllü imtinalar əslində bütün sahələrdə özünü büruzə verərək bizləri yeni etap mərhələsində yuyulmuş beyinlərimizlə, unutduğumuz adətlərimizlə, uzaqlaşdığımız keçmişimizlə uçuruma gətirir. Geridə heç nə olmamış kimi, qloballaşmış dünyanın sakinlərinə çevrilirik. Manqurt olaraq...

Qərinələr boyu tək-tək şəxsiyyətlər doğulub ki, gerçək tarixi, bəşəriyyət sütunları haqqında fikirlərini insanlığa çatdırmağa çalışıblar. Nə yazıq ki, onların hamısı avam kütlə tərəfindən daş-qalaq edilərək məhv olub. Ya da başları bədənlərindən ayrılaraq xalqın yeganə ümid işığı kimi söndürülüblər. Öz gedişləri ilə zülmətə bürüyüblər yerdə qalanları.

Hətta inkvizisiya məhkəməsinin çıxardığı qərara rəğmən  "Onsuz da o fırlanır" - deyən Qaliley kimi çoxları sonuncu işıq ilğımını yansıtmağa çalışıblar. Nə yazıq ki, onları eşidən olmayıb. Zülmət isə yırtıcıdır, cənablar. O, günəşi belə uda bilir. Əjdaha kimi...

Nitsşenin Zərdüştü də xalq arasında çıxış edirdi. Uzun müddətdir kütlədən, insanlardan ayrı yaşayan bəşər övladı, zülməti günəş kimi işıqlandırmaq üçün yenidən kütlə arasına qayıdır. Öz dolanbac, fəlsəfi nitqi ilə onların qarşısında çıxış edir: "İnsan həşəratdan üzü bu yana inkişaf edərək insana çevrildi. İndi daha mükəmməl olmaq lazımdır. Mən sizə üstinsan olmağın yollarını öyrətmək istəyirəm".

Zərdüşt başı üzərindəki kəndiri göstərərək, bu kəndirin insana bənzədiyini söyləyir. "İnsan, heyvan keçmişi ilə fövqəl insan gələcəyi arasında keçiddir". Əgər adi həşəratdan insana çevrilmək mümkün idisə, niyə mükəmməl formaya dönüş etməyək?

Bərəlmiş gözlər yalnız acizanə şəkildə kirpik vurmağı bacarırdı. Zərdüşt bilirdi ki, düzgün olmayan qulaqlar qarşısında çıxış edir. Onu heç kim anlamır, onu heç kim başa düşmür. O isə hələ də cəhd edirək insanın içində yatan insanı oyatmağa çalışırdı.  Bu vaxt kütlə arasında bir nəfər səsini ucaldaraq tamaşaya gəldiyini söyləyir. Kəndir varsa, kəndirbaz da olmalıdır. Hamı gülür.

Hadisələrin yenidən doğuluşuna çox inanıram. İlahi, necə də bənzərdir hadisələr. Günlərin birində Vaqif Mustafazadə qaldığı istirahət mərkəzində foyedə qoyulmuş fortopiano arxasına keçir. Ruhuna köklənən musiqiçi müəyyən caz parçalarını ifa etməyə başlayır. Bütünlüklə özünü ifaya kökləyən musiqiçinin sükutunu gülməli bir kəlmə pozur. Ətrafa toplaşmış insanlardan biri "Sən Allah bir “Qoçəli” çal hamımız oynayaq" deyir. Kütlə gülüşür...

Siz də mənim havamı çalın...

Dörd ünsürün biri də havadır əslində. Nəsimi kimi ötüb keçdi bu yerlərdən. Hardan gəldiyini, hara getdiyini isə bilmədi avam kütlə.

İlahi, insan kimi bəşərə təhvil verdiyin varlıq 21-ci əsrdə yeni fəlakətlə üz-üzə dayanıb. Bir zaman ədəbiyyatda haqq səsini qaldıran, üsyan edən, yaxamızdan tutub bizi silkələyən Çingiz Aytmatovun "Manqurt"unu biz də anlamamışıq. Deyirdik keçmişdə belə bir cəza növü olubmuş... Ələ keçrilmiş düşmən əsgərlərinin başına zif keçirərək dözülməz işgəncələrlə onların yaddaşını pozardılar. Təcrübəli qəssablardan biri əsgərin başı qırxılan zaman yaxınlıqda bir qart dəvəni kəsərdi. Sonra isə ən ağır, qart boyun dərisini soyaraq onu bir neçə hissəyə bölüb buğlana-buğlana qurbanın (düşmən əsgərin) başına taxardı. Dəri də zəli kimi həmin dəqiqə başa elə yapışardı ki, onu kəllədən ayırmaq mümkün olmazdı...

Qiyamət bilirsiniz nə zaman qopacaq? Dəvə iynənin gözündən keçəndə, cənablar... Bax, o zaman qiyamət gələcək...

Biz orta məktəbdə bu əsəri oxuyub o zamanların əsgərinin halına elə acıyırdıq ki... Necə də vəhşi cəza növləri olub, deyirdik. Nədən xəbərimiz var idi ki, kirpik döyürdük sadəcə. Acizcəsinə.

 Hələ sən... Ah, Nayman-Ana, hələ də oğlunu axtarırsanmı? Görəsən haradadır? Tanıyacaqmı səni? Axı deyirlər onlar hər şeyi unudur. Atasını, anasını... İnsan olmasını belə unudur. Sonra elə bir qula çevrilir ki, acıya səbəb olduğu məkanı belə tərk etməyi düşünmür. Nəyinə lazımdır axı o oğul? İnsanlığını xatırlatmaq istədinmi ona? Unudub, çoxdan unudub səni.

Əslində unutqanlıq tarixi zaman-zaman həmişə yaşanıb. Təsadüfi deyil ki, bizdən öncə mövcud olmuş sivilizasiyalar haqqında məlumat toplamağa çalışırıq. İtmiş zəncir halqası kimi keçmiş yaddaş kodunu bərpa edə bilmirik. Misir, Yunan mədəniyyəti, qədim Ellada, hunlar, daha kimlər... Kimlər. Unudulmuş əlifbalar böyük kitabələrin oxunmasını çətin etdi. Biz isə samanlıqda iynə axtaran kimi div böyüklüyündə olan keçmiş qatın dərinliyinə enə bilmirik. Necə olub ki, unutmuşuq? Necə olub ki, yaddan çıxarmışıq? Nə qanımızla gəlib, nə də şüurumuzla. Tarixin gedişatında onu harada əlimizdən salmışıq, harada itirmişik?

İndi isə növbəti zəncirin itiriləcək halqası kimi qopmağa çalışırıq. Elə vurnuxuruq...vurnuxuruq. Nə axtardığımızı bilmirik. Elə Unberto Ekonun qəhrəmanı da kilsə kitabxanasında yasaqlanmış səhifələri oxumağa çalışırdı. Labirintvari, açılması yasaqlanan dünya yaddaş qutusu bəşəriyyətə işıq saça bilərmiş. İşıq isə heç kimə lazım deyil cənablar. Heç kimə...

Biz kitabları rəflərə düzmək üçün alırıq. Vizual görüntü üçün. Oxumamış qərar veririk, oxumamış qamçılayırıq. Bəlkə şeytanın da deyiləsi sözü vardı. Biz isə əsrlərdir ona daş atırıq. Bəs dünya düzənini qaynadan kimdir? Bu vəhşətlərin arxasında şeytan dayanmırmı? Axı o, bu qədər daşın qarşısında çoxdan ölməliydi.

Kitabı inanmaq üçün deyil, düşündürmək üçün yazırlar. ("Qızılgülün adı" Unberto Eko. Hətta səmavi kitablar da düşünmək üçün yazılıb).  Bu sözlərin qarşısında yalnız baş əymək olar. Çoxları dərk cərəyanından, içindən keçirdiyi fövqəl bəşər sözlərin qarşısında baş əydi. Amma hakim qarşısında əyilmədiyi üçün başı kəsildi. Onlar isə gülürdülər cənablar, gülürdülər. Haradan bilərdilər ki, quruluşca insan olsalar da, düşüncəsiz heyvan bədbəxtliyini yaşayırlar?

İşıqlar sönür. Ən qorxulu tamaşa isə gecələr olur cənablar, gecələr...

- Jolaman! Hardasan? Mənəm, ananam! Hardasan?

O, narahatlıqla ətrafa boylana-boylana qaldığı üçün oğlunun dəvə dalında daldalanıb dizini yerə verərək oxla onu nişan aldığını görmürdü. Günəşin şüası ona mane olurdu. Fürsət gözləyirdi ki, oxu buraxsın.

- Joloman! Oğlum! - Nayman-Ana oğlundan nigaran halda onu səsləyirdi.

Birdən qanrılıb baxanda onu gördü. Bircə:

- Atma! - deyə bildi, elə Ağmayanı məhmizləmək istəyirdi ki, dönüb oğluyla üzbəüz gəlsin, yetirmədi - ox vızıltıyla onun sol qoltuğuna sancıldı.

Bu, ölümcül zərbə idi...