İrvin Şounun incikliyi - Azər Qismət

Azər QİSMƏT

İrvin Şou, Amerika yazıçısı. O, həm də roman və novella ustası olub. Yüksək ədəbiyyatı sadə dillə qələmə alan qələm əhlindəndir, nadir yazıçılardan sayılır. İrvin Şounun romanları həmişə bestseller olub, oxucuların rəğbətini qazanıb. Dəfələrlə nəşr edilib, ekran həllini tapıb və XX əsr ədəbiyyatının qızıl fonduna daxil edilib.

Yazıçının əsl adı İrvin Hilbert Şamforoffdur. Fanatlarının belə uzun adı oxumağa çətinlik çəkəcəyindən, qısaltmağa məcbur qalaraq İrvin Şou edib. O, ABŞ-da, Cənubi Bronksda dünyaya göz açıb. Yəhudi ailəsi Rusiyadan ora köçüb. İrvinin doğulmasından sonra ailə Bruklində məskunlaşıb. Gəncliyində mənəvi istiliyini, mənəviyyat zənginliyini Brextdən, Lorkadan, Heminqueydən alıb. 1934-cü ildə Bruklindəki kolleci bitirəndən sonra "Endi Hamp" şousu üçün, radioseriallar üçün ssenarilər yazıb.

1936-cı ildə "Yeni dünya" jurnalında 20 yaşlı gəncin pyesi dərc edilib. Bu, İrvin Şounun sovet xalqı üçün tanıdıcı reklamı olub. Həmin pyesi Amerikada səhnələşdirirlər. Müharibəyə nifrət ruhunda yazılan pyesdə əsgər ölülər arasından qalxıb tamaşaçılara müraciət edir. Yazıçının tanıdılmasında "Nyu-Yorker" və "Eksvayr" jurnallarının zəhmətini xüsusilə qeyd etmək lazımdır. Məhz həmin jurnalların sayəsində İrvin Şou yaradıcılığının ilk nümunələri ortaya çıxdı, tezliklə parladı. Onun hekayələrində sosial problemlər, mənəvi sarsıntılar burulğanına düşən insanlardan söz açılır. 1940-cı illərdən yazıçının kino fəaliyyəti də başlanıb.

İkinci Dünya müharibəsi zamanı pasifist Şou könüllü şəkildə cəbhəyə yollanır. Ancaq döyüşmür, hərbi müxbir kimi çətin işin qulpundan yapışır. Təcrübə ən yaxşı romanlarından olan "Gənc şirlər" əsərinin ruhuna hopur. Adı çəkilən əsər bestseller olduğundan indi də oxucuların sevimli əsərlərindən sayılır. Əsər İkinci Dünya müharibəsi barədə yazılan ən yaxşı romanların sırasında dayanır. Hadisələrin siyası tərəfinin təhlili, faşizmin ifşası əsərin qayəsini təşkil edir. "Gənc şirlər" əsəri tərbiyəvi xarakter daşıyır. Adı çəkilən romanı Amerika oxucuları çox da dərindən anlamayıblar. Onu ancaq faşizmdən əziyyət çəkən, ən azı ailəsində, qohumlarında həlak olanlar, meyiti gələnlər, qara xəbərin üzüntüsündən sarsılan xalqlar duyar, iliklərinəcən hiss edərdilər. Məhz bu səbəbdən İrvin Şounu ABŞ-dan daha çox, Avropada sevdilər. Yeri gəlmişkən, onun hər əsəri Avropa tərcüməçiləri tərəfindən öz dillərinə çevrilib. "Gənc şirlər" əsərində fanatizmin kütlənin xislətində buraxdığı iz açıq-aydın izah olunur. Roman 1958-ci ildə ekranlaşdırılıb.

Bundan ruhlanan İrvin 1950-ci illərdə kinossenarilər yazmağa başlayıb. Hər ekran əsəri Hollivuda xeyli gəlir gətirib. Ümumiyyətlə, İrvinin əsərlərində Amerika həyatının alt qatı təsvir edilirdi. Nəticədə tənqidçilər onu kommunist əhvallı yazıçıların sırasına qatırdılar. Bir neçə dəfə antikommunust əsərlər yazsa da, damğa vurulurdu: "İrvin Şou öz əsərləri ilə kommunistlərə işləyir". Sanki bir mərkəzdən siqnal verilmişdi. Bəzi jurnallar onun əsərlərinin dərcindən imtina etdilər, tənqidçilər anti-Şou əhvallı yazılarını gücləndirdilər, Hollivud onu qara siyahıya saldı. Və İrvin Şou incidi.

Əslində, Şounun əsərlərini Amerikada çox oxuyurdular. Ancaq dərinliyi anlamırdılar, nə demək istədiyini başa düşmürdülər, eləcə oxuyurdular. Qara siyahıya salınması səbəbindən o, 1951-ci ildə ABŞ-ı tərk edib Avropaya köçdü. Orda 25 il yaşadı, yaradıcılığı üçün uğurlu məkan kimi Parisi seçdi. O, Amerika oxucularından inciməmişdi. Hər bir yazıçının doğulduğu məkanda onu anlamayanlar çox olur, belə hadisələrə tarix boyu rast gəlinib. Bəli, o, Amerikanın üst qatında sözünü deyənlər tərəfindən qara siyahıya salınmasına dözməmişdi. Sonralar İrvin Şou müsahibələrindən birində demişdi ki, qara siyahı onun karyerasını azacıq zədələyib.

Avropa həyatı onun yaradıcılığına təsirsiz ötüşmədi. Qoca qitədə yaşayarkən anladı ki, yüksək yaradıcılıq üçün heç də iri romanlar yazmağa ehtiyac yoxdur. Adi hekayə və novellalarda da əsl nəsrin möhtəşəmliyini çatdırmaq mümkündür. 1950-60-cı illərdə İrvin kiçik nəsr istiqamətində gözəl əsərlər yaratdı. Onun novellalarındakı incə üslub, xarakterlərin dəqiqliyi, psixoloji amillər, sosial anlayışlar digərlərindən fərqlənir. Birinci novellalar kitabı olan "Bremendən olan matros" da dünya ədəbiyyatına qızıl hərflərlə yazılan kiçik nəsr nümunələri daxil edilib. Onlardan  "Böyük şəhərə xoş gəlmisən" (1942), "Etimad aktı" (1946), "Ölü jokeyə qoyuluş" (1957), "Qaranlıq küçədə sevgi" (1965), "Tanrı burda idi, ancaq tez getdi" (1973) novellalarını misal göstərmək olar. 1982-ci ildə isə hekayələr kitabı üşıq üzü gördü. Avropa doğrudan da yazıçılar üçün ilham mənbəyidir. Qitədə yaşadığı müddətdə "Lyusi Kraun" (1956), "İki həftə başqa şəhərdə" (1960) əsərlərini qələmə aldı.

1940-50-ci illərdə dünyada bir-birindən maraqlı novella ustaları meydana çıxdı. Sanki bir-biri ilə rəqabətə girmələri nəticədə möhtəşəm əsərlərin yaranması ilə nəticələnirdi. Maraqlıdır ki, əksər novella ustalarında Ernest Heminqueydən nəsə bir işartı duyulurdu. İkibaşlı mətn, heç vaxt yazılmayanları qələmə almaq, psixoloji nəsnələr və sair. Heminqueyin əsərlərindəki qəhrəmanların həyat hekayəti İrvin Şouya da güclü təsir göstərib. Yox, onu eyniliklə yamsılamayıb. Yalnız bir qayəni əsas götürüb: "Çətinlik, ağrı-acı insanı daha da mətinləşdirir". Şounun novellalarında isə xırda detallar üstünlük təşkil edirdi. Bunun fəlsəfəsi ondan ibarət idi ki, böyük hadisələr xırda detallardan başlanır, məsələnin kökündə onlardır. Əgər adi, nöqtə boyda görünən problemlər vaxtında həllini tapmasa, sonrakı gedişatın taleyi naməlum qalacaq. Böyük Amerikada yaşayan adi amerikalının xırda problemini yazıya alan yazıçı Şou göstərməyə çalışırdı ki, iri meqapolisdə pessimizmə qapılan insanlar da var. Belə insanların problemi həllini tapmasa, ölkənin sütunu laxlayar.

Klassik Amerika ədəbiyyatına öz töhfəsini "Varlı, kasıb" əsəri də verib. Müharibə illərindən sonrakı ailə xronikasını əks etdirən əsərdə sadə amerikalının milli hissiyyatının güclü olması əsas səciyyəvi amildir. Və ictimai hadisələr fonunda bir sadə amerikalı ailənin nələr düşündüyü ölkənin siyasətçiləri, beyin mərkəzləri üçün də maraqlı sayıla bilərdi. İrvin Şounun əhəmiyyətli yazıçı olmasının əsas xüsusiyyəti onun sorğu mərkəzləri kimi vətəndaşların nə düşündüyünü, hansı sual qarşısında aciz qalmasını izah etməsində idi. Yəni, heç bir sorğu mərkəzinin küçələrə çıxıb suallar verməsinə, heç bir beyin mərkəzinin adi vətəndaşın nə düşündüyünü bilməsinə ehtiyac yaranmırdı. Elə İrvin Şounun əsərlərində bütün suallara cavab tapılırdı.

"Varlı, kasıb" və "Kasıb, oğru" əsərlərinin Sovet İttifaqında dərcindən sonra İrvin Şou xarici yazıçılar siyahısında ön yerlərdən birini tuturdu. Azərbaycan oxucusu da Şou yaradıcılığını məhz həmin əsərləri ilə tanıyıb.

Yazıçı uşaq kimidir. O, kövrəkdir. Onun qəlbini sındırmaq olmaz. İrvin Şounun Amerikada qara siyahıya salınması onun ömürlük Avropada qalması ilə nəticələndi. Onu dəfələrlə doğulduğu ölkəsinə çağırsalar da, getmədi. 1984-cü il mayın 16-da Davosda dünyasını dəyişdi. O, dünya ədəbiyyatında silinməz iz qoyub getdi. Əsərlərindəki səmimi humanizm, insanın həyəcan təbili, özünə inamı isə heç vaxt unudulmayacaq. Folkner demişkən insan dözəcək və çətinlikləri fəth edəcək.